ABŞ ordusunun pilotsuz təyyarələri və Javelin raketləri oğurlandı- Kimlərin əlinə keçdi…

  • By admin
  • 27 Noyabr 2023 08:41

Suriya və İraqda ABŞ ordusunun “bir çox həssas silah və texnikası”, o cümlədən pilotsuz təyyarələr və “Javelin” raketləri anlaşılmaz bir şəkildə oğurlansa da, onları kimin əldə etdiyi qaranlıq olaraq qalır.

Gununsesi.info bildirir ki, “The Intercept” saytının ABŞ qurumlarının cinayət araşdırma sənədlərinə əsaslanaraq dərc etdiyi xəbərə görə, İraq və Suriyada ABŞ ordusunun bəzi silah və texnikası yoxa çıxıb.

İraqda ictimaiyyətə açıqlanmayan və 2023-cü ilin əvvəlindən başlayan oğurluq hadisələri ilə bağlı aparılan hərbi araşdırmalarda İraqda idarə olunan raket atma sistemləri və pilotsuz təyyarələr də daxil olmaqla çox sayda hərbi texnikanın oğurlandığı ortaya çıxıb.

Məsələ ilə əlaqədar olaraq, fevral ayında hərbi müstəntiqlərə 2022-ci ildə İraqın Ərbil şəhərindəki ABŞ bazasından təxminən 162 500 dollar dəyərində 13 kommersiya pilotsuz təyyarəsinin oğurlandığı barədə məlumat verilib, lakin səlahiyyətlilər məsələdə şübhəli şəxs müəyyən etməyiblər.

Başqa bir araşdırma nəticəsində müəyyən edilib ki, “çoxsaylı həssas silah və avadanlıq”, o cümlədən hədəf nişangahları və “Javelin” raketləri üçün buraxılış bölmələri İraqın Bağdad şəhərindəki Forward Əməliyyat Bazasında və ya ona gedən yolda oğurlanıb.

Səlahiyyətlilər sözügedən oğurluqların hərbi qulluqçular deyil, yerli sakinlər tərəfindən törədildiyinə inansalar da, istintaq sənədlərində deyilir ki, “məlum ABŞ personalı iştirak etməyib”.

Materillarda iddia edilir ki, “İraqlı cinayət təşkilatları və milis qrupları silah və texnika üçün konvoy və konteynerləri hədəfə alıb”.

İtirilmiş və oğurlanmış hərbi texnika mövzusunun daha əvvəl də gündəmə gətirildiyini xatırladan “The Intercept” Pentaqonun 2017-ci ildə apardığı araşdırmada Küveyt və İraqda 20 milyon dollarlıq silahın “itmə və ya oğurluğa qarşı həssas” olduğunu ortaya çıxardığını qeyd edib.

“The Intercept” həmçinin martın 30-da 2020-2022-ci illərdə İraq və Suriyada 40 millimetrlik yüksək partlayıcı qumbaraatan, zirehli deşici mərmilər, ixtisaslaşmış sahə artilleriya maşınları və avadanlıqları və dəqiqləşdirilməmiş “silah sistemləri də daxil olmaqla ən azı dörd oğurluq hadisəsi baş verdiyini bildirib.

Xəbər saytının məlumatına görə, ABŞ-ın bölgələrdəki məsul birlikləri ikisinin Suriyadakı bazalarda, üçünün isə İraqdakı bazalarda baş verdiyi iddia edilən oğurluq hadisələri ilə bağlı heç bir açıqlama verməyib və ərazini tərk edib.

2020-ci ildə aparılan yoxlamaya görə, ABŞ-ın Suriyadakı tərəfdaşları ilə işləyən əsas bölmə olan Xüsusi Əməliyyat Müştərək Əməliyyat Qrupunun terror təşkilatı PKK/YPG üçün aldığı 715,8 milyon dollarlıq hərbi texnikanın “hesabını düzgün aparmadığı” üzə çıxıb.

Gununsesi.info