Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib.
Gununsesi.info bildirir ki, görüşdə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsi və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd edilib.
Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu deyərək, ölkələrimizin Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin səfəri ilə bağlı Gununsesi.info-ya danışan politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ Konqresində Azərbaycan əleyhinə çıxış edən Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin Azərbaycana səfəri zamanı nələr söyləyəcəyi səbirsizliklə gözlənilirdi. Çünki Ceyms Obrayen Konqresdəki çıxışı ilə ABŞ-ın təhlükəsizlik maraqlarına zərbə vurmuşdu.
O bildirib ki, amerikalı diplomatın Azərbaycan əleyhinə çıxışından sonra xarici işlər naziri Ceyhum Bayramov Vaşinqtonda erməni həmkarı Ararat Mirzoyanla görüşdən, rəsmi Bakı Vaşinqtonun Azərbaycanla Ermənistan arasında vasitəçiliyindən imtina etmişdi:
“Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla əməkdaşlığa vurulan zərbə ABŞ-ın təhlükəsizlik maraqlarına zidd idi. Buna görə də Dövlət katibi Entoni Blinken Bakıya zəng edərək Prezident İlham Əliyevin Ceyms Obrayenin Bakıda qəbulunu xahiş etdi. Görüşdən əvvəl Vaşinqtondan münasibətləri yumşaldacaq daha bir açıqlama gəldi. Dövlət Departamentin mətbuat katibi Metyu Miller “biz heç vaxt deməmişik ki, Azərbaycanla əlaqələrimizi davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza zidd olardı” açıqlamasını səsləndirdi.
Gözlənildiyi kimi, Bakıda Ceyms Obrayenlə İlham Əliyev arasındakı görüşdə münasibətlərdəki müsbət məqamlar önə çəkildi. Birincisi, İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu, Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı. İkincisi, İlham Əliyev Azərbaycanın suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yarandığını və ABŞ-ın yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə biləcəyini dedi.
Ceyms Obrayen İlham Əliyevin sözlərini təsdiqlədi. Amerikalı diplomat ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaş olduqlarını vurğuladı. O da Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın rolundan danışdı. Amerikanın bölgədə sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyən Ceyms Obrayen danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu İlham Əliyevin diqqətinə çatdırdı. O, bundan başqa Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyi vurğuladı.
Beləliklə, Ceyms Obrayen Konqresdəki sözlərindən imtina etdi”.
Politoloq vurğulayıb ki, bu azdır, Vaşinqton Azərbaycana verdiyi əhəmiyyətini siyasətində göstərməlidir:
“Obrayen və digər ABŞ rəsmiləri bundan sonra Azərbaycan əleyhinə fikirlər söyləmədikləri halda, rəsmi Bakı Vaşinqtonun vasitəçiliyinə müsbət yanaşacaq və ABŞ paytaxtında görüşlər yenidən başlaya bilər”.
Siyasi şərhçi Asif Nərimanlı Gununsesi.info-ya bildirib ki, Obraynın Əliyevlə görüşdə Azərbaycan-Ermənistan danışıqlarının Vaşinqtonda aparılması və Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişaf etdirilməsi haqda dedikləri ABŞ-ın Çindən Avropaya uzanan Orta dəhlizi Mərkəzi Asiyadan Avropaya çıxan dəhlizlə əvəzləmək və kommunikasiyanın İrəvanın istəkləri çərçivəsində açılması şərti ilə Ermənistanın da bu prosesdə iştirakını təmin etmək planıdır. O qeyd edib ki, gözlənildiyi kimi, Obrayn Bakıya bu təkliflə gəlib:
“İlham Əliyev də Obraynla görüşdə Bakının yanaşmasını ortaya qoydu.
– Vaşinqtonun yeni reallıqları nəzərə alaraq, sülh danışıqları prosesinə töhfə verə bilər, yəni ABŞ Azərbaycanın suverenliyini bərpa etdiyi Qarabağdan danışmağı dayandırmalıdır;
– Bakı Orta dəhliz üzərində yeni əməkdaşlıq imkanlarını müzakirə etməyə açıqdır: Azərbaycan ABŞ-ın planına yox demir, lakin hansı tərəf önə çıxarsa və daha yaxşı təkliflər verərsə, öz imkanları ilə prosesdə iştirak edə bilər prinsipindən yanaşır”.
A.Nərimanlı qeyd edib ki, hədəfinə nail olmaq üçün Vaşinqtonun Bakıya ehtiyacı var və buna görə Birləşmiş Ştatlar Azərbaycanla qarşıdurma yox, uzlaşmaq marağındadır. “Azərbaycan da bu üstünlüyündən diplomatik müstəvidə istifadə edir. Lakin o da bəllidir ki, dəhlizlər uğrunda mübarizə Cənubi Qafqaza daha aktiv şəkildə tranformasiya edilir və perspektivdə qarşıdurmalar vəd edir”, – deyə o yekunlaşdırıb.
Şəbnəm Rəhimova
Gununsesi.info