ABŞ prezidenti Aleksey Navalnını dərhal azad etməyə çağırdı

  • By admin
  • 05 Fevral 2021 13:54

“Rusiyada həbs olunan müxalif siyasətçi Aleksey Navalnı dərhal azad olunmalıdır”.

“Radio Svoboda”nın fevralın 5-də verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Co Bayden Dövlət Departamentinin əməkdaşları ilə görüşündə səsləndirib.
Bayden Rusiya prezidenti Vladimir Putinlə bu yaxınlarda baş tutan telefon danışığını xatırladıb. Onun sözlərinə görə, söhbət zamanı o bildirib ki, Birləşmiş Ştatların Rusiyanın aqressiv hərəkətlərinə göz yumduğu dövr artıq arxada qalıb.

Bayden görüş iştirakçılarına bildirib ki, Moskva hələ də Amerika demokratiyasına zərər vurmaq niyyətində qətiyyətlidir. “Biz öz partnyorlarımızla koordinasiyalı şəkildə hərəkət etsək, Rusiyaya qarşı daha effektli duruş gətirə bilərik”, – deyə prezident əlavə edib.

Amerika lideri bildirib ki, o, Vaşinqtonun beynəlxalq birliklə sıx əməkdaşlığını bərpa etmək niyyətindədir.

Navalnı ilə bağlı məsələ ABŞ-ın Dövlət Katibi Entoni Blinken və Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov arasındakı telefon danışığı zamanı da müzakirə edilib. Lavrov amerikalı həmkarını Rusiya qanunlarına hörmət etməyə çağırıb. Eyni zamanda XİN rəhbəri Moskvanın Vaşinqtonla münasibətləri normallaşdırmağa hazır olduğunu söyləyib.

Daha əvvəl Demokratar və Respublikaçılar Partiyasından olan bir qrup senator “Qərəzli davranışna görə Rusiyanın məsuliyyətə cəlb olunması haqqında” qanun layihəsini ABŞ Konqressinə təqdim ediblər. Sənəddə həm də Navalnının zəhərlənməsinə və Rusiyada “Noviçok” maddəsinin istehsalına aidiyyatı olan rəsmi şəxslərə qarşı ünvanlı sanksiyaların tətbiqi nəzərdə tutulur.

Rusiya hökuməti Navalnının zəhərlənməsində rolunun olması barədə iddiaları inkar edir.

Gununsesi.org