Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Qəzzada daimi atəşkəsi dəstəkləmədiyini, lakin “humanitar atəşkəsin” uzadılmasını arzuladığını bildirib.
Gununsesi.info xəbər verir ki, Kirbi Ağ Evdə keçirdiyi mətbuat konfransında İsrail və HƏMAS arasındakı münaqişədə “humanitar atəşkəs” mövzusuna toxunub.
Qərbi Qüdsdə israillilərə qarşı silahlı hücumun Qəzzada “humanitar atəşkəsə” təsir edib-etməməsi ilə bağlı suala isə Kirbi zorakılığın atəşkəs prosesinin uzadılmasına hər hansı bir təsirinin olacağını düşünmədiyini deyib.
Kirbi qeyd edib ki, Birləşmiş Ştatlar Qəzzada daimi atəşkəsi dəstəkləmir, lakin 7 günlük “humanitar atəşkəsin” 8, 9, 10 və sonrakı günlərə qədər uzadılmasını istəyir.
O, son nəticədə İsrail və HƏMAS-ın bu kompromisin uzadılması üçün parametrlər üzərində razılığa gəlməli olduğunu, ABŞ-ın “humanitar fasilənin” uzadılmasını dəstəklədiyini söylədi.
Koordinator əlavə edib ki, son bir həftə ərzində Qəzzalılara daha çox ərzaq, su, dərman və yanacaq çatdırmaq üçün yerdə görülən işlərin nəzərdən qaçırılması mümkün deyil və “humanitar fasiləni” uzatmaq üçün hər cür səy göstərdiklərini vurğulayıb.
Gununsesi.info