Qəzzada humanitar böhran dərinləşdiyindən ABŞ dəniz yolu ilə Qəzzaya yardım çatdırmaq üçün dəhliz yaratmağı düşünür.
Gununsesi.info xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Pat Rayder brifinqdə bildirib.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü deyib ki, “ABŞ-ın qurumlararası və beynəlxalq tərəfdaşları ilə koordinasiyada Qəzzaya humanitar yardımın çatdırılması üçün dəniz dəhlizi variantlarını, xüsusən də potensial ticarət və müqavilə variantlarını fəal şəkildə araşdırılır”.
O, nəzərdən keçirilən variantlardan danışmayıb, lakin ABŞ ordusunun ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbərlik etdiyi yardımda “yalnız köməkçi rol oynayacağını” söyləyib.
“The Hill” nəşrinin məlumatına görə, ABŞ-ın nəzərdən keçirdiyi digər variantlar arasında dəniz dəhlizi və İsrailə daha çox yardım maşınının sektora buraxılması üçün təzyiq daxildir.
Vaşinqtonda İsrailin Müharibə Nazirləri Kabinetinin katibi Benni Gantz Pentaqon rəhbəri Lloyd Ostin və dövlət katibi Antoni Blinkenlə görüşlər zamanı Qəzzaya daha çox humanitar yardımın çatdırılmasına icazə verilməsini istəyib.
Bir gün əvvəl ABŞ və İordaniya Qəzza sakinləri üçün yeni havadan humanitar yardım göndərib.
ABŞ ordusu şənbə günü Qəzzaya ilk havadan humanitar yardım göndərib.
ABŞ prezidenti Co Bayden martın 1-də ABŞ-ın dərinləşən humanitar böhran və qurudan yardımın çatdırılmasında çətinliklər fonunda Qəzza zolağının əhalisinə havadan ərzaq yardımı etməyə başlayacağını açıqlayıb.
Gununsesi.info