ABŞ husilərin Qırmızı dənizdə gəmilərə hücumlarını dayandırması üçün İranla gizli danışıqlar aparıb.
Gununsesi.info xəbər verir ki, bu barədə adı çəkilməyən ABŞ və İran rəsmilərinə istinadən “Financial Times” qəzeti yazıb.
Mənbələr danışıqların yanvar ayında Omanda aparıldığını bildirib. ABŞ-ı Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin səlahiyyətlərini icra edən Abram Paley, İranı xarici işlər nazirinin müavini Əli Baqeri Kani isə təmsil edib. Məlumata görə, ABŞ və İran nümayəndələri birbaşa əlaqə saxlamayıblar. Oman rəsmiləri vasitəçi qismində çıxış ediblər. Bu danışıqların nəticələri dəqiqləşdirilməyib.
Nəşrin məlumatına görə, danışıqların ikinci raundu fevralda baş tutmalı idi, lakin ABŞ-ın Qəzza zolağında münaqişəni həll etmək cəhdləri səbəbindən təxirə salınıb.
Yəmənin şimalını idarə edən və Yəmənin Qırmızı dəniz sahillərinin çox hissəsini nəzarətdə saxlayan husilər həm ticarət, həm də ABŞ donanmasına aid onlarla gəmiyə hücum edib. Husilər bildiriblər ki, İsrail Qəzza zolağında hərbi əməliyyatları dayandırdıqdan sonra hücumları dayandıracaqlar.
Bir sıra gəmiçilik şirkətləri Qırmızı dənizdə daşımaları dayandırıb.
Gununsesi.info