
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda ABŞ dövlət katibinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bononu qəbul edib.
Amerikalı diplomat son bir ayda ikinci dəfə Ermənistana gəlib.
Gununsesi.info xəbər verir ki, Qriqoryanın sosial media hesabında verdiyi məlumata görə, Bono ilə görüşdə regionda uzunmüddətli sülh və sabitlik üçün səylər və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi müzakirə olunub.
Qeyd edək ki, Lui Bono bir qədər əvvəl də Ermənistana səfər edib və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Görüşdə Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib.
Xatırladaq ki, 9 oktyabr tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regiondakı mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə fikir mübadiləsi aparılıb.
Gununsesi.info