ABŞ Rusiya almazlarına qarşı sanksiyaların yeni mərhələsini elan etdi

  • By admin
  • 09 Fevral 2024 09:03

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) fevralın 8-də G7 ölkələrinin qərarına uyğun olaraq əlavə kateqoriyalı rus almazlarına qarşı sanksiyalar elan edib.

Gununsesi.info xarici KİVƏ-ə istinadən xəbər verir ki, OFAC qərarlarından biri üçüncü ölkədə emal edilib-edilməməsindən asılı olmayaraq Rusiyada hasil edilən qeyri-sənaye almazlarının idxalını qadağan edir. Qərar almazların müəyyən kateqoriyaları üzrə martın 1-dən qüvvəyə minəcək, sentyabrın 1-dən isə əlavə kateqoriyalara şamil ediləcək.

ABŞ Maliyyə Nazirliyi ikinci qərarında 2024-cü il martın 1-dən etibarən Rusiyadan gələn və ya gətirilən almaz zərgərlik məmulatlarının və keyfiyyətsiz almazların idxalını qadağan edir.

“Bu qadağalar G7-nin 2023-cü ilin dekabrında Rusiyada hasil edilən almazların idxalına mərhələli məhdudiyyətlərin tətbiqi ilə bağlı öhdəliklərini yerinə yetirmək məqsədi daşıyır”, – nazirlik əlavə edib və bu qərarlarla bağlı əlavə təlimatlar dərc edəcəyini vəd edib.

Rusiya almazlarına ilk məhdudiyyətlər 2023-cü ilin dekabrında ABŞ prezidenti Co Baydenin fərmanı ilə tətbiq edilib.

Xatırladaq ki, G7 dövlətləri dekabrın 6-da keçirilən virtual sammitin yekunlarına əsasən Rusiya istehsalı olan brilyantlara məhdudiyyətlər tətbiq etmək niyyətlərini bəyan ediblər.

2024-cü il sentyabrın 1-dək kobud almazların əsas idxalçıları olan G7 ölkələri kobud almazların yoxlanılması və sertifikatlaşdırılması mexanizmini yaradacaq və bu məsələ ilə bağlı istehsalçı ölkələr və tərəfdaşlarla məsləhətləşəcəklər, liderlər əlavə edib.

Gununsesi.info