“Vaşinqton rus oliqarxlarından müsadirə olunmuş aktivləri Ukraynanın hərbi veteranlarına dəstək olaraq göndərəcək”.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında deyib:
“Biz ilk dəfə olaraq, sanksiyaya məruz qalmış oliqarxlardan müsadirə edilmiş aktivləri Ukraynaya ötürürük, bundan sonra Ukraynanın hərbi veteranlarını dəstəkləmək üçün istifadə olunacaq. Putinin aqressiv müharibəsinə töhfə verən rus oliqarxları bunun əvəzini verməlidir”.
Həmçinin ABŞ-ın baş prokurorunun birinci müavini Liza Monako da bu barədə fikirlərini bildirmişdir:
“Biz Konqresdən alınan vəsaiti Ukrayna xalqının xeyrinə istifadə etmək üçün icazə istəyirik”.
Məlumata əsasən, sanksiyalara məruz qalan rusiyalı iş adamlarının aktivləri ABŞ Ədliyyə Nazirliyinin yaratdığı “KleptoCapture” idarələrarası qrupu tərəfindən idarə olunur.
Eyni zamanda, qrupun keçmiş rəhbəri Endryu Adams müsadirədən əldə edilə biləcək məbləğlərin “Rusiyanın Ukrayna xalqı və torpağına vurduğu fəlakətin qiyməti ilə müqayisədə cüzi olduğunu” deyib.
Belə ki, 2023-cü ilin fevralında ABŞ məhkəməsi milyarder, Tsarqrad telekanalının təsisçisi Konstantin Malofeyevdən müsadirə edilmiş 5,4 milyon dolların Kiyevə köçürülməsinə icazə verib.
Kreml isə Rusiyanın aktivlərinin Ukraynaya verilməsini “beynəlxalq hüququn bütün qayda və normalarını pozan növbəti addım” kimi adlandırıb.
Qeyd edək ki, aprel ayında prezident Vladimir Putin Rusiya şirkətlərinin ABŞ və digər ölkələrdəki aktivlərinə həbs qoyulmasına qarşı cavab tədbirləri haqqında fərman imzalayıb.
Tərcümə
Şəbnəm
Gununsesi.info