ABŞ Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlər və digə vəhşiliklər barədə sübutlar toplayacaq

  • By admin
  • 18 May 2022 15:47

Vaşinqton Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlər və digər vəhşiliklər barədə sübutların toplanması, təhlili və yayılması üzrə yeni proqram elan edib, Turan-ın Amerikadakı müxbiri bildirib.

Conflict Observatory adlanan proqram ConflictObservatory.org İnternet saytında onlayn təqdim olunacaq. Onun məlumatları Rusiyanın dezinformasiya sahəsində səylərinin qarşısını almağa və sui-istifadə hallarının işıqlandırılmasına kömək edəcək, Dövlət Departamentinin bəyanatında deyilir.

Vaşinqtondakı rəsmi şəxslər  beynəlxalq tərəfdaş təşkilatların proqrama qoşulacağını gözləyirlər.

“Bu nə qədər vaxt aparsa da, biz ədalətin zəfər çalmasını təmin etməyə sadiqik”, – Dövlət Departamentinin nümayəndəsi Ned Prays jurnalistlərə bildirib.

Proqrama 6 milyon dollar məbləğində ilkin investisiya qoyulub və gələcəkdə Avropa Demokratik Davamlılıq Təşəbbüsündən maliyyə alacağı gözlənilir.

“Biz ABŞ akademik dairələri və özəl sektorla tərəfdaşlıq çərçivəsində fəaliyyət göstəririk ki, aylarla davam edən mübarizədən, törədilən bu genişmiqyaslı, irimiqyaslı vəhşiliklərə dair sübutlar toplandıqdan sonra indiki və gələcək ədalət axtarışlarına kömək edək”, -Prays deyib.

Bu addım çərşənbə axşamı səhər Beynəlxalq Cinayət Məhkəməsi Ukraynaya özünün məhkəmə-tibb ekspertlərindən ibarət ən böyük komandasını göndərdiyini bəyan etdikdən sonra atılıb.

Turan-ın “ABŞ öz nəticələrini Beynəlxalq Cinayət Məhkəməsilə bölüşməyə hazırdırmı?” sualının cavabında Prays deyib ki, Vaşinqton Ukraynada vəhşiliklərin “bütün beynəlxalq araşdırmalarını”, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin həyata keçirdiyini dəstəkləyir”, –

“Heç bir ölkə – nə qədər böyük, nə qədər güclü, hansı silaha malik olmasından asılı olmayaraq – Rusiya qüvvələrinin Ukrayna xalqına qarşı törətdiyi bu cür vəhşiliklərə görə məsuliyyətdən qaça bilməz”, – Prays Rusiyanın məsuliyyətə cəlb edilməsilə bağlı Turan-ın suallının cavabında bildirib.

Hazırda  ən başlıcası cinayət törədənlərin və ya daha yüksək səviyyədə əmr verənlərin, yaxud törədilmiş hərbi cinayətlərdə əli olan şəxslərin məsuliyyətə cəlb edilməsi işini dəstəkləməkdir.

 

Gununsesi.info