ABŞ Rusiyaya dəstək verən şirkətlərə sanksiyalar tətbiq edəcək -Ağ Ev

ABŞ Rusiyaya dəstək verən şirkətlərin Amerika texnologiyalarına, o cümlədən yarımkeçiricilərə çıxışını əngəlləyəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib. Birləşmiş Ştatlar Rusiyaya vergidən yayınmada kömək edən şəxslərə qarşı da oxşar sanksiyalar tətbiq etməyi nəzərdə tutub.

“Rusiyaya dünyanın hər yerindən mal idxalı 40 faiz azala bilər. Rusiyadakı fabriklər istehsalı saxlamaq üçün mübarizə aparır. Rusiyada ÜDM-in ikirəqəmli azalma ehtimalı var, inflyasiya 20 faizdən çox artacaq. Rusiya istiqrazların qaytarılması ilə bağlı problemlər yaşayır. Eyni zamanda Rusiya bir əsrdən artıq müddətdə ilk dəfə suveren borcunu ödəməkdən yayınıb”, – məlumatda deyilir.

Qeyd olunur ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq ABŞ Rusiyaya yarımkeçiricilər və telekommunikasiya avadanlıqlarının tədarükünə qadağa qoyub.

Avropa İttifaqı da Rusiyaya yüksək texnologiyalı yarımkeçiricilərin ixracına embarqo qoyub. İyun ayında Tayvan hökuməti çiplər də daxil olmaqla bir sıra yüksək texnologiyalı malların Rusiyaya ixracını dayandırıb. ABŞ həmçinin Rusiyanın dövlət hərbi şirkətlərinə, eləcə də müdafiə sahəsində çalışan tədqiqat təşkilatlarına qarşı bloklayıcı sanksiyalar tətbiq etmək niyyətindədir.

Gununsesi.info