ABŞ Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

“Ukraynaya hücumu davam etdirən Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Scott Bessent Fox News-a müsahibəsində bildirib.

O, Rusiya prezidenti Vladimir Putinin Amerika və Avropa liderləri ilə görüşlərdə söylədiklərinin əksini etdiyini və bombardman kampaniyasını gücləndirdiyini vurğulayıb.

Nazir bildirib ki, Prezident Donald Trampla bütün variantlar nəzərdən keçirilir və bu həftə sanksiyalarla bağlı qərarın diqqətlə qiymətləndiriləcəyi gözlənilir.

Avqustun 15-də Alyaskada Putinlə keçirilən sammitdən sonra Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istisna etməyib. Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, əgər münaqişənin həllində irəliləyiş olmazsa, “böyük sanksiyalar, böyük tariflər və ya hər ikisi” tətbiq oluna bilər.

Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio sammitdən sonra Trampın yeni sanksiyalar tətbiq etmək imkanının hələ də mövcud olduğunu, lakin bunun danışıqların sonunu bildirə biləcəyini qeyd etmişdi.

 

 

Şəbnəm

Gununsesi.info