Türkiyə kimi iri regional oyunçuların iştirakı olmadan blokadada olan Qəzza zolağında atəşkəsə nail olmaq çox çətindir.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk Amerikanın MSNBC telekanalında bildirib.
“Şimalda Ukraynada, cənubda Qəzza zolağında müharibə gedir, Türkiyə isə tam ortadadır. Əhalisinin 97 faizinin müsəlman olduğu ölkənin fələstinlilərlə yaxın münasibəti var. Buna görə də Türkiyə İsrailin Qəzza zolağının işğalı ilə bağlı hərəkətlərini tənqid edir”, – Fleyk bildirib.
Diplomat Türkiyənin sülh razılaşması əldə olunacağı təqdirdə Fələstin üçün qarant ölkə kimi çıxış etmək təklifini xatırladıb.
“Türkiyə davamlı sülh üçün qarant kimi çıxış etməyə və digər regional tərəfdaşlarla işləməyə hazır olduğunu bildirib. Onlar da bizim kimi iki dövlət yaratmaq konsepsiyasını dəstəkləyirlər. Ona görə də düşünürəm ki, biz birlikdə işləyəcəyik. Türkiyə kimi regional güclərin iştirakı olmadan Qəzza zolağında problemin həllinə nail olmaq çətindir”, – deyə səfir bildirib.
Fleyk Rusiya-Ukrayna münaqişəsində Türkiyənin mövqeyini də dəyərləndirib. O, Ankaranın Ukraynanın suverenliyini dəstəklədiyini xatırladıb.
Səfirin sözlərinə görə, Kiyevin Türkiyədən aldığı PUA-lar münaqişə zamanı mühüm rol oynayıb.
Fleyk xatırladıb ki, Türkiyə Rusiya hərbi gəmilərini Qara dənizdən uzaqlaşdırmaq üçün Montrö Boğazları Konvensiyasına müraciət edib.
Amerika diplomatik missiyasının rəhbəri xatırladıb ki, Türkiyə taxıl sazişinin və əsirlərin mübadiləsinə dair razılaşmanın əldə edilməsində də mühüm rol oynayıb.
O qeyd edib ki, Ankara Moskva ilə, o cümlədən enerji sektorunda əməkdaşlığı davam etdirir, lakin Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalardan yayınmamaq üçün hər şeyi edib.
Fleyk Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi mövzusuna da münasibət bildirib.
“Dünyada rejimlər dəyişə bilər, amma coğrafiya dəyişmir. Türkiyə hər zaman önəmli olacaq”, – deyə Fleyk vurğulayıb.
Diplomat xatırladıb ki, Türkiyə əvvəlcə İsveçin Şimali Atlantika Alyansına daxil olmasına qarşı çıxan ölkələrdən biri olub.
“Müəyyən problemlər var idi və onlar həll etdilər. Konqres dərhal Türkiyəyə 23 milyard dollarlıq F-16 satışını təsdiqlədi ki, bu da Ankara ilə əməkdaşlığı davam etdirmək üçün vacibdir. Onlar NATO-da ABŞ-dan sonra ən böyük orduya və ən böyük hava qüvvələrinə malikdirlər”, – o əlavə edib.
Gununsesi.info