ABŞ Səfirliyi Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinə magistr proqramını elan edib

  • By admin
  • 06 Mart 2021 23:18

ABŞ-ın Azərbaycandakı Səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulunu elan edib.

Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi və Gürcüstandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

ABŞ Səfirliyinin məlumatında deyilir ki, Azərbaycandan beş nəfər tələbə bu proqramda iştirak üçün seçiləcək.

Proqram dörd semestrdən ibarətdir və 2021-2023-ci illərdə həyata keçiriləcək. Proqramın üç semestri – (sentyabr 2021-dekabr 2022) Tbilisi şəhərində GİPA-da keçiriləcək. Dördüncü semestrdə isə (2023-cü ilin yanvar-iyun aylarında) tələbələr Bakıda diplom işinə hazırlaşacaq. 2023-cü ilin iyulunda diplom işlərini müdafiə etmək üçün onlar yenidən GİPA-ya qayıdacaq.

GİPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlarından, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal adlı jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaq.

Çap, onlayn və tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma, toplanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdırılmasını nəzərdə tutur. Burada həmçinin idarəçilik üsullarına, iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq.

Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur.

ABŞ-ın Bakıdakı Səfirliyi tələbələrin tədris və yaşayış xərclərini maliyyələşdirəcək.

Qaliblər bu ilin avqustunda birgə Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə nəticəsində müəyyənləşəcək. Sənədlərin son qəbul ğünü 10 may 2021-ci ildir.

Əsası 1994-cü ildə qoyulan Gürcüstanın İctimai Əlaqələr İnstitutu özəl tədris ocağı olmaqla Qafqazda demokratik və bazar islahatlarına dəstək olmaq üçün yüksək ixtisaslı ictimai qulluqçu və jurnalistlər yetişdirən institutdur.

Qafqaz Jurnalistika və Media İdarəçiliyi məktəbi 2001-ci ildə jurnalistika və media idarəçiliyi sahəsi üzrə tədris və təlim proqramları vasitəsilə Qafqazda müstəqil medianın inkişafını dəstəkləmək məqsədilə yaradılıb. Məktəbin fəlsəfəsinə əsasən dəqiq və qərəzsiz xəbərçilik ənənəsində təlim görmüş jurnalistlər işlədikləri yerdə jurnalistikanın səviyyəsini qaldırır, dəqiq məlumat verməklə və peşə standartlarını yüksəkdə tutmaqla cəmiyyətə xidmət göstərir.

Məktəbin açıldığı vaxtdan bəri 155-ə yaxın məzun ingilis dilli regional proqramı bitirərək jurnalistika və media idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. Məktəbin Azərbaycandan olan məzunları yerli media sahəsində lider vəzifələrdə çalışmaqdadır.

Gununsesi.info