ABŞ-ın Azərbaycandakı səfirliyi Əli Həsənovun səfir Robert Sekutanın Cocuq Mərcanlıya getməməsiylə bağlı verdiyi açıqlamaya cavab verib.
Gununsesi.info-nun sorğusunu cavablandıran ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib ki, bu səfərdə ABŞ-ın Azərbaycandakı səfirliyini yardımlar və yenidənqurma sahəsində ən yüksək səviyyəli təmsilçisini – USAİD təşkilatının Azərbaycandakı direktoru Mikaela Meredisi təmsil edib: “Xanım Mikaela Meredis oraya vəziyyətlə tanış olmaq, vəziyyəti qiymətləndirmək və bizim gələcəkdə nə kimi yardım edə biləcəyimizi müəyyənləşdirmək üçün gedib. 1992-ci ildən bəri Birləşmiş Ştatlar Azərbaycana 1,3 milyard dollar məbləğində yardım edib. Biz daha güclü, sabit, firavan və demokratik Azərbaycanın inkişafı üçün Azərbaycan hökuməti ilə işimizi davam edəcəyik” –, deyə cavabda bildirilib.
Qeyd edək ki, fevralın 15-də Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinin sədri Əli Həsənov ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-ın səfirinin səfərdə iştirak etməməsindən təəssüfləndiyini bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info