ABŞ səfirliyi: “Media qanununun Avropa Şurasının rəyi nəzərə alınmadan qəbul edilməsindən və imzalanmasından narahatıq”

  • By admin
  • 10 Fevral 2022 20:56

ABŞ-ın Azərbaycandakı səfirliyinin “Media haqqında” qanuna münasibəti açıqlanıb.

Gununsesi.info-nun məlumatına görə, “Turan” agentliyinin qanunla bağlı sorğusunu cavablandıran səfirliyin rəsmi nümayəndəsi deyib: “Biz media haqqında yeni qanunun müstəqil jurnalistlərin, KİV sahəsində ekspertlərin və beynəlxalq təşkilatların, o cümlədən ATƏT və Avropa Şurasının rəyi nəzərə alınmadan qəbul edilməsindən və imzalanmasından narahatıq.

Prezident Əliyevin imzaladığı qanunu tədqiq etməyə davam edirik və səbirsizliklə bu və digər ekspertlərin qanunla bağlı təhlillərini gözləyirik.

Hökuməti yeni qanunu ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində öhdəliklərinə uyğun şəkildə tətbiq etməyə çağırırıq”.

“Media haqqında” qanun layihəsi 2021-ci il dekabrın 10-da üzə çıxıb, dekabrın 30-da Milli Məclisin son oxunuşundan keçib. 2022-ci il fevralın 8-də prezident İlham Əliyev qanunu imzalayaraq onun tətbiqinə fərman verib.

İndiyədək bir sıra yerli və xarici tənqidçilər media qanunu layihəsinin geniş və məzmunlu məsləhətləşmələr aparılmadan qəbul edilməsindən narahatlıq ifadə edib.
Qanun layihəsi Milli Məclisdə qəbul ediləndən sonra ABŞ Dövlət Departamenti Azərbaycan prezidenti İlham Əliyevi onu hazırkı formada imzalamamağa çağırıb.

 

Gununsesi.info