ABŞ şəhərlərini bürüyən etirazlar altıncı günə daxil oldu

  • By admin
  • 01 İyun 2020 23:21

 

Gununsesi.org Qərb mediasına istinadən xəbər verir ki, ABŞ boyu etirazlar altıncı gündür davam edib.

Ölkənin şimal-mərkəzi Minneapolis şəhərində afro-amerikalı Corc Floydun polis tərəfindən saxlanılarkən ölməsindən sonra baş qaldıran etirazlara görə bir çox yerlərdə kommendant saatı tətbiq edilib.

Paytaxt Vaşinqton, Los Anceles, Çikaqo, Mayami, Detroit və Filadelfiya hava qaraldıqdan sonra nümayişlərin qadağan edildiyi 40 şəhər arasındadır.

Etiraz aksiyaları əsnasında azı 4,000 adamın saxlanıldığı güman edilir.

İri şəhərlərin merləri kommendant saatlarının qeyri-müəyyən vaxtadək davam edəcəyini bildirib.

Bir sıra şəhərlərdə dinc nümayişlər yanğınlar törədilməsi və polisin daşa tutulması ilə zorakılığa çevrilib. Polis qalxan və dəyənəklərdən istifadə etməklə kütləni geri durdurmağa çalışıb. Nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Paytaxt Vaşinqtonda polis 1000 nəfərdən çox etirazçıya qarşı da gözyaşdıcı qaz və sarsıdıcı qumbaralardan istifadə edib. Aksiya iştirakçıları “ədalət yoxdur, sülh yoxdur, irqçi polisə yox” şüarları səsləndirib.

Şəhərdəki bir şox abidələrin üstünə qraffiti stilində siyasi etiraz şüarları yazılıb.

Ağ Ev qarşısında daim yanan işıqlar söndürülüb.

Vaşinqton meri Muriel Bouser bazar ertəsi gecəyədək kommendant saatı tətbiq və şəhər polisinə yardım məqsədi ilə Milli Qvardiya əsgərlərini səfərbər edib.

Gecə yarısından əvvəl Ağ Ev yaxınlığında bir neçə yerdə yanğın törədilib. Yanğınsöndürənlər Ağ Evdən bir neçə kvartallıq məsafədə yerləşən Müqəddəs Con Yepiskop Kilsəsinin zirzəmisində yanğın törədildiyini bildirib.

Atlanta şəhərində də polisə yardım məqsədilə Milli Qvardiya əsgərləri cəlb edilib.

Nyu-York şəhərində kommendant saatı tətbiq edilməyib. Gün ərzində polis etirazçılardan məsafə saxlasa da, gecə saatlarında kütləni dağıtmağa çalışıb, çoxsaylı insan həbs edilib.

Minneapolisdə nümayişlər ötən çərşənbə axşamından bəri 46 yaşlı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra baş qaldırıb. Nümayişçilər polisin qaradərili qadın və kişilərə qarşı qəddar rəftarına etiraz etməkıə yanaşı, ABŞ-da sistematik iqrçiliyə də qarşı çıxıb.

Floydun ölümünə səbəb olan Minnesota ştatının polis zabiti Derek Çauvin 3-cü dərəcəli qətl ittihamı ilə həbs edilib. Onun bazar ertəsi Minneapolis məhkəməsi qarşısına çıxarılacağı gözlənilir.