Həm impiçment menecerlərinə, həm də Trampın vəkillərinə iki gün ərzində arqumentləri təqdim etmək üçün 16 saat vaxt verilir. Bundan sonra senatorlara sual vermək üçün ümumilikdə dörd saat vaxt veriləcək.
Senat iddia bağlı dinlənmənin keçirilməsi üçün 56-44 nisbətində səs verib.
Səsvermə tərəflər arasında dörd saat sürən qızğın müzakirələrdən sonra baş tutub. Belə ki, Demokratlar Trampın hərəkətlərinə görə məsuliyyət daşıdığını bildirir, keçmiş prezidentin müdafiə komitəsi isə onun səlahiyyət müddəti bitdikdən sonra impiç olunmasının konstitusiyaya zidd olduğunu iddia edirdi.
Demokratların impiçment üzrə meneceri Konqresmen Ceymi Raskin dünənki dinləmlər zamanı bildirib ki, mühakimənin həyata keçirilməməsi prezidentin hakimiyyətdə olduğu son həftələrdə davaranışlarına görə cəzasız qalması kimi “təhlükəli” yeni bir istisna yarada bilər.
Trampın vəkili Brus Kastor isə məhkəmənin keçirilməməsinin məsuliyyətdən yayınmaq üçün bir qanun boşluğu yaratması iddiasını rədd edərək bildirib ki, əgər Tramp qanun pozuntusuna yol veribsə onu “həbs edin”, belə ki o indi artıq sadə vətəndaşdır və toxunulmazlıq hüququndan məhrumdur.
Trampın digər vəkili David Şoen də Demokratları Trampı siyasi səhnədən uzaqlaşdırmaq üçün “ona qarşı impiçment iddiası qaldırmaqda” günahlandırıb.
Tram məhkum olunacağı təqdirdə ona bir daha federal vəzifə tutmaq qadağan olunacaq.
Ötən ay Trampın sadiq tərəfdarı olan Respublikaçı senator Rənd Paul da eyni iddia ilə impiçment məhkəməsinin həyata keçirilməsini əngəlləməyə çalışmışdı. Lakin Republikaçılar partiyasından 5 nəfər də demokratlara qatılaraq, məhkəmənin baş tutması üçün 55-45 nisbətində səs verib.
Çərşənbə axşamı keçirilən yeni səsvermədə başqa bir respublikaçı – Luiziana ştatından senator Bill Cassidi də məhkəmə prosesinə davam etmək üçün səs verib.
Tramp ABŞ tarixində iki dəfə impiç olunan yeganə prezidentdir. O, bir il əvvəl Ukrayna prezidentindən ötən noyabrda keçirilən prezident seçkisindən öncə Baydenlə bağlı məlumat toplamasını istəməkdə ittiham olunsa da, sonradan bəraət almışdı.
Tramp Demokratların məhkəmədə müdafiə üçün ifadə vermək haqda müraciətini rədd edib və onun prossesdə iştirak etməsi gözlənilmir. Məhkəmə bir həftə və ya daha uzun çəkə bilər.