
Niyə, ABŞ Rusiyanın Gürcüstana(2008) hərbi müdaxiləsinə, Krımın işğalına susdu, 2022-ci ildə zərbə vurdu?- Daxili siyasi prizmadan baxış
Yəqin dəfələrlə ABŞ-ın ünvanına “2008-də, 2014-də cavab versəydiniz bugünkü durum yaranmazdı” ittihamını eşitmisiniz. Sıravi, siyasəti tv xəbərlərlərdən izləyən vətəndaş üçün bu arqument olduqca ciddi görsənir.
Uzaqdan başlayaq.
Son 2 ildə(Bayden prezident olandan sonra) baş verən prosesləri yadınıza salın. Trampın dövründə Ağ Evin və ABŞ dövlətinin bünövrəsini təşkil edən təşkilatlarla çox gərgin qarşıdurması yaşanırdı:FTB, Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon və başqaları ilə.Tramp öz adamlarını bu qurumlara soxuşduraraq həmin qurumların daxilində də ciddi problemlər yaradırdı, bu qurumlara nəzarət etmək istəyirdi. Daxili idarəçilik böhranı pik nöqtədəydi. Demokratlar partiyasının praymrizində Bayden qələbə qazananda ABŞ-da ümid yarandı, siyasi hakimiyyətin və güc strukturların arasında münaqişələrin son qoyulmasına ümidi. Və bu baş verdi, 3 noyabr 2020-ci ildə Bayden seçkilərdə qələbə qazandı, dalınca demokratlar 2(Senat və Nümayəndələr Palatası) möhtəşəm qələbə ilə bütün hakimiyyəti bir partiyanın əlində cəmləşdirdilər.
*Qeyd.
Trampın dövründə daxili qeyri-sabitliyin göstəricisi olan bir misal gətirim, 2017-2020-ci illərdə Pentaqona kimlər rəhbərlik edirdi? Ceyms Mettis➡️Patrik Şanahan➡️Mark Esper➡️Riçard Von Spenser➡️Kristofer Miller. Baydenin dövründə Pentaqona kimlər rəhbərlik edirdi? Lloyd Ostin, vəssalam.
Bayden prezident olandan sonra FTB-də, MKİ-də və Pentaqonda təmizlik işləri başladı, Bayden həmin qurumları “Ağ Evin(oxu Trampın) agenturasını” təmizlədi və idarəçiliyi qurumların özlərinə qaytardı. SABİTLİYİ bərqərar etdiyi. Bu cox(!!!) vacib addım idi. Niyə? Ona görə ki, ABŞ dövlətinin bünövrəsini təşkil edən qurumlar “Prezidentlər gəlirlər və gedirlər biz isə hər zaman yaşayacağıq” prinsiplə fəaliyyət göstərirlər, bu qurumlar hər zaman Ağ Evin müdaxilələrinə çox kəskin və sərt formada reaksiya verirdilər, tarix boyu. Onların işinə qarışmaq olmaz, əgər siz “dərin dövlət”(konspirologiyanı və bu tezisi sevmirəm) ifadəsini sevirsinizsə, onda həmin qurumlarda 30-40 il ərzində eyni vəzidəfə çalışan və “daima müavinlər” adlandırılan insanlar “dərin dövlətin” özüdür. Bu qurumların işinə müdaxilə cəhdi “qırmızı xətdir”, Tramp bu xətti keçdi və Trampın bugünkü aqibəti hər kəsin gözü qarşısındadır.
Prezident olandan sonra Bayden dedi:”Amerika qayıdır” və Amerika həqiqətən qayıtmağa başladı. Bayden bütün hakimiyyəti(Ağ Ev+Senat+Nümayəndələr Palatası) əlində cəmləşdirəndən, siyasi hakimiyyətin güc strukturlarla münaqişələrinə son qoyandan sonra, Qərb birliyini bərpa etməyə başladı: NATO sammitləri, Demokratiya sammiti, AUKUS(ABŞ, Böyük Britaniya, Avstraliya) blokunun yaradılması, müttəfiqlərlə mütəmadi ikitərəfli kontaktlar, fikir ayrılıqları yaradan məsələlərdə kompromislərin axtarışı və s.
Qərb birliyin bərpası bir neçə önəmli prosesin fonunda baş verirdi: Rusiyaya qarşı davamlı sanksiyaların tətbiqi, Avropada(və bütün dünyada) Rusiyanın hərbi və siyasi agenturasına qarşı de-fakto OVun elan edilməsi, Rusiyaya loyal olan siyasi qüvvələrin zəiflədilməsi(və əgər onlar hakimiyyətdə idilərsə, onların hakimiyyətdən uzaqlaşdırılması üçün bütün alətlədən istifadəsi).
Hal-hazırda oxuduğunuzu nəzərə alaraq təsəvvür edirsiniz nə dərəcədə böyük miqyasda proses gedirdi, ANCAQ və ANCAQ bu prosesə start vermək üçün Bayden nələr etdi, amma biz proseslərə ilk növbədə ABŞ-ın daxili siyasi prizmasından yanaşırıqsa, tam əminliklə sizə deyə bilərəm ki, əgər misal üçün demokratların 2021-də Nümayəndələr Palatasında çoxluğu olmasaydı, Bayden bu günə qədər elədiklərinin 20%-ni də edə bilməyəcək idi(Nümayəndələr Palatası ABŞ-ın pulqabısıdır, əgər pul yoxdursa Prezidentin dedikləri elə söz olaraq qalacaq idi, Ukraynaya dəstək isə ancaq boş sözlərdən ibarət olacaq idi). Əgər demokratların 2021-də nə Nümayəndələr Palatasında, nə də Senatda çoxluğu olmasaydı, Bayden elə 2021-dən iflic vəziyyətdə olacaq idi. Yəni demək istəyirəm ki, böyük “pazl”ın HƏR BİR FRAQMENTİ həlledici rol oynadı və Baydenin ən böyük uğuru bu “pazlı” elə əvvəldən yığması oldu, 2021-də əlində “kart-blanşla” oyuna başladı.
Bu dərəcədə mürəkkəb proseslərə start vermək çox çətindir, dayandırmaq isə artıq mümkün deyil, bu baxımdan “Rusiyanı bitirəcəklər” deyərkən, kiminsə şəxsi istəyini nəzərdə tutmuruq, fantastik miqyasda gedən geosiyasi prosesin məntiqli və qaçılmaz sonunu görürük.
İndi özümüzə sual verək: 2008-də Rusiya Gürcüstana hərbi müdaxilə edəndə Corc Buş adekvat cavab vermək iqtidarında idi? ABŞ-da həmin ildə gedən daxili prosesləri bir cümlə ilə qeyd edək.
2008-ci ildə Buş, yumşaq desək, Gürcüstan hayında deyildi. ABŞ-da böyük banklar iflas olurdu, insanlar işlərini və mənzillərini itirirdi, bunlarla yanaşı, seçki kampaniyası çərçivəsində daxili qarşıdurmada gərginlik sürətlə artırdı, Konqresin hər 2 palatası demokratların nəzarətində idi. Senator Con Makkeyn böhranla mübarizə aparmaq üçün seçki kampaniyasını müvəqqəti olaraq dayandırmışdı. Amerikalılar başa düşməyəcək idilər ki, Böyük Depressiyadan bəri ən dərin böhran zamanı Konqres niyə Gürcüstana pul xərcləyir.
Bundan əlavə İraqdan sonra xalq “müharibə” sözünü eşitmək istəmirdi və bu sözü işlədən istənilən siyasətçi siyasi intihar etmiş olacaq idi. Əhali arasında Rusiyaya loyal yanaşan insanlar həddindən artıq çox idi. Avropa Buşun İraqa hərbi müdaxiləsinin əleyhinəydi, Avropanın o illərdə Rusiya ilə isti və Buşa mənfi münasibətini nəzərə alaraq demək olar ki, Avropa ABŞ-ın Gürcüstana dəstək məqsədilə hərbi müdaxiləsinin əleyhinə olacaq idi.
*Qeyd.
2008-də amerikalıların Rusiyaya loyallığı məsələsinə gəlincə. Baydenin siyasətçi kimi peşəkarlığı ondan ibarətdir ki, o hər zaman bir neçə addım irəli hesablaya bilir. Yadınıza salın, Bayden prezident olandan sonra demokratların bütün media platformaları gecə-gündüz Rusiyanın anti-təbliğatını aparırdı və bununla, Bayden gələcək addımlarının legitimliyini təmin etdi.
Yaxın tarixə yaxınlaşaraq oxşar sual verək: bəs 2014-də Obama Rusiya tərəfindən Krımın işğalına adekvat cavab vermək iqtidarında idi?
2014-cü ildə Obamanın Konqreslə(2007-dən 2011-də qədər Konqresin hər 2 palatası demokratların nəzarətində idi, 2011-də Nümayəndələr Palatası reapublikaçıların nəzarətinə keçdi) münasibətləri “müharibə” səviyyəsində idi. Obamanın qanunvericilik sahəsində uğurlarının əksəriyyəti 2009-cu ilə təsadüf edir, Konqresin hər 2 palatası hələ demokratların nəzarətindəydi, bu uğurlar amerikalıların İraqda bitib-tükənməyən müharibəsindən bezdikləri fonunda əldə edilib. 2013-cü ilin payızında respublikaçılar Obamadan birinci müddətinin əvvəlində Konqresdən keçirtdiyi səhiyyə islahatını ləğv etməyi tələb edərək federal hökumətə maliyyəni dayandırdılar. Ağ Evdə hələ Trampın izi-tozu yox idi, amma respublikaçılar əhali tərəfindən dəstəklənməyən ideoloji məqsədlərinə çatmaq üçün artıq bütün ölkəni girov götürməyə hazır idilər.
2014-də Rusiyanın Krımın işğalına cavab olaraq Obama Konqresin dəstəyi olmadan nə edə bilərdi? Heç bir şey! Dəniz piyadalarını göndərmək? Konqressiz olmaz, həm də xalq dəstəkləməz(yuxarıda qeyd etdiyim kimi, insanlarda müharibələrdən yorğunluq var idi). Fövqəladə vəziyyət elan edib(hansını ki Bayden 2021-ci ilin aprelində elan etmişdi və mən bu barədə dəfələrlə yazmışam) və Presidential Drawdown Authority çərçivəsində Ukraynaya silah göndərmək? Respublikaçılar Obamanı diri-diri “parçalayacaq” idilər, siyasi baxımdan bu mümkün deyildi.
Demokratlar hansı yolu seçdilər? Rusiyaya sarsıdıcı zərbə üçün sakitcə hazırlaşmaq və uyğun olan məqamı gözləmək. Bu məqam 2022-ci ilə təsadüf etdi.
Kamran Cəfərov
Xüsusi olaraq,
Gununsesi.info üçün