“ABŞ son bir ayda 22 milyon işçi itirib”- QUBAD İBADOĞLU YAZIR

  • By admin
  • 20 Aprel 2020 10:21
“Dünya bazarında xam neftin qiymətləri yenidən sürətlə ucuzlaşmağa başlayıb, bu gün səhər Asiya birjalarında ABŞ neft markası olan WTI qiyməti hər barrel üçün 15,54 faiz ucuzlaşaraq 15,30 dollara qədər aşağı düşüb. Bu, 1999-cu ildən başlayaraq son 20 ildə – ABŞ nefti üçün qeydə alınan ən aşağı qiymət səviyyəsidir”.
Gununsesi.org bildirir ki, bunu tanınmış iqtisadçı alim Qubad İbadoğlu yazıb.
Onun sosial şəbəkədəki qeydlərini təqdim edirik:
Bu gün Brent markalı neftin qiyməti hər barrel üçün 27,85 dollar olub və bu 2 xam neft markası arasında fərq 12,5 dollaradək artıb. Azərbaycan nefti birjada satılmadığına görə, onun qiyməti barədə yeni informasiyaya hələ ki, çıxış yoxdur. Azeri Light markasının ötən həftənin 5-ci gününə olan son qiyməti hər barrel üçün 21,11 dollar idi.
ABŞ neftinin kəskin ucuzlaşması ölkə iqtisadiyyatının vəziyyətinin durmadan pisləşməsi ilə əlaqədardır. Pandemiyanın mənfi təsirlərlərdən məcmu tələbatın azalması və işsizliyin kütləvi artması müşahidə olunur. Belə ki, 10 ilə 23,3 milyon iş yeri yaradan ABŞ iqtisadiyyatı son 1 ayda 22 milyon işçi itirib. Bu da dünyanın ən böyük iqtisadiyyatının gələcəyini çox tutqun göstərir. Bundan narahat olan prezident Donald Tramp hər gün ölkə iqtisadiyyatının yenidən açılmasının vacibliyindən danışır və bu təşəbbüsü əngəlləməsinə görə demokrat qubernatorları tənqid edir.
Heç şübhəsiz ki, ABŞ iqtisadiyyatında tənəzzülün dərin olması dünya iqtisadiyyatının böhrandan çıxma müddətini artıran başlıca amil olacaq.

Gununsesi.org