ABŞ təyyarədaşıyan gəmisinin yaxınlığında İrana məxsus PUA aşkar etdi

  • By admin
  • 29 Noyabr 2023 09:31

ABŞ Fars körfəzində öz təyyarədaşıyan gəmisinin yaxınlığında İrana məxsus pilotsuz uçan aparatı aşkarlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Amerika rəsmisinə istinadən “Fox News” məlumat yayıb.

Onun sözlərinə görə, İrana məxsus pilotsuz uçuş aparatı Fars körfəzində “Eisenhower” təyyarədaşıyan gəmisinin yaxınlığından uçub. Rəsmi qeyd etdiyi kimi, dron çoxsaylı xəbərdarlıqlara məhəl qoymayıb. ABŞ ordusu bu hadisəni təhlükəli hesab edir.

Bundan əvvəl İranın “Fars” agentliyi xəbər vermişdi ki, İran Hərbi Dəniz Qüvvələri müxtəlif kəşfiyyat sistemlərindən istifadə edərək Fars körfəzi sularına daxil olan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Eisenhower” aviadaşıyıcısının zərbə qrupunu izləyir. Agentlik ordu komandanlığı və yüksək rütbəli İran rəsmilərinin məlumatlarına istinadən bildirib ki, “Eisenhower” təyyarədaşıyan qrupunun mövcudluğu “bölgədə gərginlik və qeyri-müəyyənliyə səbəb olur” və ölkələri xarici müdaxilə olmadan təhlükəsizliyi təmin edə bilir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan qrupu “Eisenhower”in noyabrın 26-da Hörmüz boğazından keçməsini başa çatdıraraq Fars körfəzi sularına daxil olduğunu bildirib. Qeyd edildiyi kimi, qrup əsas beynəlxalq su yollarında naviqasiya azadlığını təmin etmək üçün ərazini patrul edir.

Oktyabr ayında Birləşmiş Ştatlar Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi ilə əlaqədar “Dwight Eisenhower” və “Cerald Ford” aviadaşıyıcılarının başçılıq etdiyi aviadaşıyan zərbə qruplarının Aralıq dənizinin şərqinə göndərildiyini elan edib.

Gununsesi.info