ABŞ tarixində ilk dəfə: Prezident tətil edən işçiləri ziyarət etdi

  • By admin
  • 27 Sentyabr 2023 10:49

ABŞ prezidenti Co Bayden Miçiqan ştatında avtomobil işçilərinin tətilinə qatılaraq ölkə tarixində yeni bir addım atıb. Keçmiş prezident Donald Tramp Baydeni avtomobil işçilərinin kürəyindən “bıçaqlamaqda” ittiham edib.

Gununsesi.info xəbər verir ki, Bayden Miçiqanda Birləşmiş Avtomobil İşçiləri (UAW) həmkarlar ittifaqının üzvü olan General Motors işçilərinin tətilində iştirak edib.

Tətil bölgəsində meqafonla işçilərə səslənən Bayden onların 40 faiz maaş artımı tələbini dəstəklədiyini və “daha çoxuna” layiq olduqlarını söyləyib: “Şirkətlər çətin vəziyyətdə idi, indi inanılmaz dərəcədə yaxşı vəziyyətdədirlər. Siz də inanılmaz dərəcədə yaxşı vəziyyətdə olmalısınız”.

Bayden əlavə edib ki, o, UAW-nin kişi və qadınlarının töhfə verdikləri rekord qazancın ədalətli payına layiq olduqlarına inanır.

Bəzi işçilər Bayden və ABŞ-ın keçmiş prezidenti Donald Trampın səfərindən məmnun olmadıqlarını ifadə edib. “Heç birinin gəlməməsinə üstünlük verərdik. Biz insanları bölmək istəmirik və siz siyasəti qarışdırdığınız zaman bu, mübahisələrə səbəb olacaq”, – deyə bildiriblər.

Tramp da Baydenin bu ziyarətini tənqid edib. “Mən onlarla birlikdə olmaq və onlara kömək etmək üçün Miçiqan ştatına gedəcəyimi bildirənə qədər əyri Co Baydenin UAW-ı ziyarət etmək niyyəti yox idi”. Baydeni avtomobil işçilərini kürəyindən “bıçaqlamaqda” günahlandıran Trump, Baydenin elektrik avtomobilləri üçün mandatının ABŞ avtomobil sənayesini “məhv edəcəyini” və “minlərlə avtomobil işçisinin işinə başa gələcəyini” iddia edib.

Mütəxəssislər bildiriblər ki, Baydenin Miçiqan səfəri 1902-ci ildə ABŞ-ın keçmiş prezidenti Teodor Ruzveltin tətil edən kömür işçilərini Ağ Evə dəvət etməsindən sonra hazırkı prezidentin tətil edən işçilərə göstərdiyi ən böyük dəstəyi təmsil edir.

UAW işçiləri bu ayın əvvəlində “Ford”, “General Motors və Chrysler”in ana şirkəti “Stellantis”i hədəf alaraq üç böyük avtomobil şirkətindən daha yaxşı maaş və iş şəraiti tələb edərək tətil elan ediblər.

Səid Əhmədli
Gununsesi.info