ABŞ tarixində prezident tərəfindən “bundan daha böyük xəyanət” olmadı - Liz Çeyni

  • By admin
  • 13 Yanvar 2021 20:49

ABŞ Konqresinin Nümayəndələr Palatasının çərşənbə günü prezident Donald Trampın presedenti olmayan ikinci impiçmenti ilə bağlı səs verəcəyi gözlənilir.

Demokratlar Palatada səs çoxluq təşkil edir və impiçmenti təsdiq etmək üçün kifayət qədər səsə malikdirlər, lakin getdikcə daha çox respublikaçı onlara qoşulur.

Respublikaçı nümayəndə Ceymi Herrera Batler çərşənbə axşamı Trampın “andına zidd hərəkət etdiyini” deyərək, impiçmentə səs verəcəyini elan edib.

“Birləşmiş Ştatların prezidenti hakimiyyətin bir administrasiyadan digərinə dinc yolla ötürülməsini dayandırmaq üçün qarışıqlıq yaratdı”, o bildirib.

Respulikaçılar partiyasının Nümayəndələr Palatasında rəhbər komandasının üzvü Liz Çeyni də impiçmenti dəstəkləyərək, ABŞ tarixində prezident tərəfindən “bundan daha böyük xəyanət” olmadığını deyib.

Digər Respublikaçı konqresmenlər Con Katko, Adam Kinzinger və Fred Upton da Trampın impiç edilməsinə səs verəcəklərini bildiriblər.

Trampın yaxın müttəfiqi, Nümayəndələr Palatasında Respublikaçıların lideri Kevin Makkarti bildirib ki, “indiki anda impiçment ölkəni birləşdirməyərək, əks təsir göstərəcək.”

Tramp çərşənbə axşamı ABŞ-Meksika sərhədini ziyarət edərkən buna bənzər mesaj verib.

“Bu, insanların çoxunun anlaya biləcəyindən daha çox qəzəbə, bölünməyə və ağrıya səbəb olur, bu da ABŞ üçün çox təhlükəlidir, xüsusilə də belə bir həssas zamanda” – deyə, Tramp bildirib.

Respublikaçılar Ukraynaya demokrat Co Baydeni araşdırmaq üçün təzyiq göstərdiyinə görə keçən il Trampın impiçmentinə qarşı qəti şəkildə səs verdikləri halda, Nümayəndələr Palatasındakı Respublikaçı liderlər partiyadan olan nümayəndələrə impiçmentin əleyhinə səs vermələri üçün təzyiq göstərmək niyyətində olmadıqlarına işarə edir.

Nümayəndələr Palatası impiçmenə səs versə, məsələ Senat məhkəməsinə çıxarılacaq.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi çərşənbə axşamı impiçment prosesini aparan doqquz nəfərlik qrupa Konqres üzvü Ceymi Raskinin rəhbərlik edəcəyini elan edib.

Nümayəndələr Palatasının liderlərinin impiçment qərarını dərhal Senata göndərib-göndərməyəcəyi aydın deyil, belə ki, Trampın hakimiyyətdə müddəti gələn həftə bitir. Lakin Tramp hakimiyyətdən getsə belə, Senat məhkəməsində impiçment qərarı onun yenidən federal hökumətdə vəzifəyə gəlməsinin qarşısını alacaq.

İmpiçment qətnaməsi Nümayəndələr Palatasında Demokratların Kapitoliyə hücuma cavab olaraq prezidentin vəzifəsindən kənarlaşdırılması üçün seçdiyi iki yoldan ikincisidir.

Nümayəndələr Palatası çərşənbə axşamı vitse-prezident Mayk Pensi və Trampın kabinet üzvlərini onun öz səlahiyyətlərini yerinə yetirməyə qadir olmadığına görə vəzifəsindən uzaqlaşdırılması üçün onların Konstitusiyaya əsasən öz səlahiyyətlərindən istifadə etməsinə çağıran qətnamə qəbul edib.

Vitse-prezident Pens Nümayəndələr Palatasında çərşənbə axşamı səs vermədən əvvəl spiker Pelosiyə məktub göndərərək, ABŞ Konstitusiyasının vitse-prezident və kabinet üzvlərinin əksəriyyətinin prezidentin səlahiyyətlərini yerinə yetirməyə qadir olmadığına görə vəzifəsindən uzaqlaşdırılmasına imkan verən 25-ci düzəlişdən istifadə etmək istəmədiyini izah edib.

İmpiçment qətnaməsində Trampın səsvermə və səslərin hesablanmasında pozuntulara görə onun ikinci dəfə seçilməməsinə dair əsassız ittihamları, Corciya ştatında seçki rəsmilərinə Baydenin ştatda üstünlüyünü dəyişmək üçün 11 mindən çox səs “tapmaq” üçün təzyiq göstərməsi və keçən həftənin çərşənbə günü mitinq zamanı minlərlə tərəfdarını seçki nəticələrini ləğv etmək üçün qanunvericilərə təzyiq göstərmək məqsədilə Kapitoliyə yürüş etməyə çağıran bəyanatları qeyd edilir.

Gununsesi.info