Deputat ABŞ-ı ittiham etdi - Qüdrət Həsənquliyev

  • By admin
  • 15 May 2021 11:37

 

ABŞ Dövlət Departamenti sərhədçilərimizin Laçın rayonunda Ermənistanla dövlət sərhəddinə yerləşdirilməsini “mübahisəli ərazilərdə qoşunların hərəkəti məsuliyyətsiz və təxribat xarakterli addımdır” kimi qiymətləndirib.
Gununsesi.info xəbər verir ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Dövlət Departamentinin açıqlamasını məsuliyyətsiz və təxribat xarakterili adlandırıb:
“Mən öncə də söyləmişdim ki, nəinki biz, bütün dünya ABŞ-ın yaşlı və ermənipərəst prezidenti Baydenin, o cümlədən hazırlıqsız və ermənipərəst Kamala Harrisin bu tipli bəyanatları ilə tez-tez üzləşəcəyik. Söhbət həm də təkcə bu şəxslərlə bağlı deyil. Ümumiyyətlə, ABŞ dünyada beynəlxalq hüquqa, haqqa və ədalətə söykənən xarici siyasət yürüdə bilmir. Bunun əksi olsaydı, biz münaqişələrsiz, qansız bir dünyada yaşayardıq. O zaman 44 günlük savaş da olmazdı, minlərlə gənc həyatını itirməz və ABŞ-ın bütün etik çərçivəni aşan bəyanatı da olmazdı. Amma 1989-1994-cü illərdəki birinci Qarabağ savaşı zamanı ABŞ rəsmiləri həm üç-beş erməninin səsinə və puluna görə, həm də xristian həmrəyliyindən çıxış edərək təklənmiş, torpaqları işğal olunan, Xocalıda soyqırıma, Ermənistanda və Qarabağda etnik təmizləmə siyasətinə məruz qalan xalqımızın səsinə səs vermədilər. Hətta torpaqlarından, ev-eşiyindən didərgin salınmış bir milyon qaçqına düzəmməlli humanitar yardım da göstərmədilər. Qaçqınların bir qismi bu gün də acınacaqlı bir həyat yaşayır. Əksinə Bayden başda olmaqla “Azdalığa Yardım Aktına” 907-ci düzəlişi etməklə Azərbaycana sanksiya tətbiq olunmasına, işğalın genişlənməsinə nail oldular. Ermənilər torpaqlarımızı işğal etdikcə beynəlxalq birlik qarşısında sifətlərini qorumaq üçün, riyakarcasına BMT Təhlükəszilik Şurasında (TŞ) dörd dəfə işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad olunmasına dair qərar qəbul etdilər, amma işğalçıdan torpaqları azad etməyi tələb etmədilər. Ona görə də TŞ-nın hər qərarından sonra ermənilər yeni bir rayonumuzu işğal etdi. ABŞ Qarabağdakı separatçı rejimə özünün bəyan etdiyi dəyərlərə tüpürərək hər zaman maliyyə yardımı ayırıb. Budur ABŞ-ın siyasətinin əsl mahiyyəti. ABŞ bu tipli siyasəti ilə dünyada demokratiyaya və hüququn aliliyinə böyük zərbə vurub”.

Günay
Gununsesi.info