
ABŞ Ukrayna Silahlı Qüvvələrinə “məhdud sayda” uzaqmənzilli raketlər verəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə amerikalı məmur və konqresmen NBC News-a məlumat verib.
Lakin raketlərin nə vaxt təhvil veriləcəyini barədə heç bir rəsmi açıqlama yoxdur.
ATACMS Kiyevə 180 mil (290 km) məsafədəki hədəflərə hücum etməyə, təchizat xətlərinə, dəmiryol xətlərinə və Rusiya cəbhə xəttinin arxasındakı komanda məntəqələrinə zərbə endirməyə imkan verəcək.
Bu ehtiyaclar artıq Britaniya-Fransa Storm Shadow/SCALP raketləri ilə qismən ödənilib.
Bununla belə, təyyarədən buraxılan “Storm Shadow” ATACMS-i tamamilə əvəz etmək iqtidarında deyil.
Amerika raketləri mobil yer sistemlərində quraşdırılıb və düşmən xəttinin arxasında lazımi hədəfləri vurmaq üçün daha uyğundur.
ABŞ Müdafiə Nazirliyinin rəsmiləri bildiriblər ki, Vaşinqtonun Ukraynaya təmin etmək üçün böyük miqdarda ATACMS ehtiyatı yoxdur.
Vaşinqtondakı bəzi amerikalı siyasətçilər isə bu silahların tədarükünə Rusiya ilə münaqişəni gücləndirə biləcəyindən ehtiyat edərək müqavimət göstəriblər.
NBC News-a danışan konqresmen həmçinin bildirib ki, Ukraynaya veriləcək raketlərin növləri və sayı ilə bağlı müzakirələr hələ də davam edir.
Qeyd edək ki, bir neçə aydır ki, Ukrayna ABŞ-dan ATACMS (Army Tactical Missile System) raketlərini tələb edir.
Ukrayna prezidenti Vladimir Zelenski isə Co Baydenlə bu məsələni yenidən gündəmə gətirəcək.
Tərcümə
Şəbnəm
Gununsesi.info