ABŞ və Avropa mətbuatında Geert Vilders ŞOKU: Hollandiya Aİ-dən çıxa bilər

  • By admin
  • 24 Noyabr 2023 15:54

İfrat sağçı və anti-İslam fikirləri ilə tanınan Geert Vildersin rəhbərlik etdiyi Azadlıq Partiyasının (PVV) Hollandiyada seçkilərdə qalib gəlməsi Avropada soyuq duş effekti yaradıb.

Gununsesi.info xəbər verir ki, Vilders özünün belə gözləmədiyi qələbə ilə parlamentdəki 150 yerdən 37-ni qazanaraq baş nazirliyə ən güclü namizəd olub.

Nəticələr açıqlandıqdan sonra Hollandiyanın bir çox şəhərində insanlar küçələrə axışıb. Utrext və Amsterdamda minə yaxın insan toplaşıb. Qrup irqçilik və islamofobiya əleyhinə nümayiş keçirərək “Azad Fələstin”, “Sevgi nifrətdən üstündür” kimi şüarlar səsləndirib.

Britaniyanın “Guardian” qəzeti öz təhlilində seçkilərdə qalibiyyətin Avropada ifrat sağçıların yüksəlişini təsdiqlədiyini bildirib və təhlil yazısında bunları yazıb:

“Helsinkidən Romaya, Berlindən Brüsselə kimi ultrasağ partiyalar anketlərdə durmadan yüksəlir. İmmiqrasiya, İslam və anti-Avropa İttifaqı əhval-ruhiyyəsi uzun müddət ifrat sağın əsas sütunları idi. Ukrayna müharibəsindən sonra başlayan pandemiya və dərin yaşayış böhranı əsas siyasətçilərə inamsızlıq yaratsa da, bu partiyaların cəlbediciliyini daha da artırdı”.

Qəzet başqa bir təhlildə Vildersin İslam əleyhinə fikirləri ilə məşhur olduğunu və məscidləri bağlamaq və hicab qadağası qoymaq istədiyini xatırladaraq, seçkinin nəticəsinin insan haqları və təhlükəsizlik baxımından narahatlıq yaratdığını yazıb.

“İndependent” qəzeti seçkilərin nəticələrini “şokedici” kimi dəyərləndirsə də, Vildersin qələbəsindən sonra Hollandiyanın Böyük Britaniyanın ardınca gedərək Aİ-dən çıxa biləcəyini irəli sürüb.

Vildersin seçki kampaniyası zamanı Hollandiyanın Avropa Birliyindən çıxması üçün referendum tələb etdiyini xatırladan “İndependent”  ifrat sağçı liderin bir televiziya kanalında verdiyi açıqlamaları yenidən gündəmə gətirib.

ABŞ-ın CNN telekanalına danışan analitiklər Vildersin seçkilərdəki qələbəsini Hollandiya üçün “Tramp anı” kimi qiymətləndiriblər.

Vildersin qələbəsinin Hollandiya və Avropa siyasətində narahatlıq doğurduğunu iddia edən CNN, AB-də ifrat sağın yüksəlişinə diqqət çəkərək, qurulacaq koalisiya hökumətinin necə olacağının bəlli olmadığını vurğuladı.

ABŞ-da yerləşən “Politico” “Geert Vilders Aİ-nin ən pis kabusudur” başlıqlı xəbərində Vildersin Aİ-dəki digər ifrat sağçı liderlərlə birlikdə qüvvədə olan siyasəti geri çevirə biləcəyini yazıb. “Politico” Hollandiyanın Avropa Birliyindən çıxmasını istəyən Vildersin Brüsselin dostu olmayacağını iddia edib.

“Time” jurnalı isə Hollandiyadakı seçki nəticələrinin xüsusilə Avropa Birliyi üçün pis xəbər olduğunu vurğulayaraq, Vildersin Avropa Birliyindən çıxmağı və Ukraynaya yardımı kəsməyi dəstəklədiyini xatırladıb.