ABŞ və Rusiya arasında gərginliklər - PUTİN HAKİMİYYƏTİNİ YENİ SANKSİYALAR GÖZLƏYİR

  • By admin
  • 20 Mart 2021 16:07

Birləşmiş Ştatlar və Rusiya arasında əlaqələr prezident Co Baydenin Rusiya prezidenti Vladimir Putinin 2020-ci ildə ABŞ seçkilərinə müdaxilə etmək cəhdi haqda açıqlamalarından sonra gərginləşib. Rusiya öz səfirini məsləhətləşmələr üçün Vaşinqtondan geri çağırıb. ABŞ-ın prezident seçkilərinə müdaxilə ilə bağlı Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə biləcəyi gözlənilir.

Birləşmiş Ştatların kəşfiyyat orqanlarının bu həftə açıqladığı hesabata əsasən, Rusiya 2020-ci ildə ABŞ prezident seçkilərinə müdaxilə edib və prezident Vladimir Putin keçmiş prezident Donald Trampın xeyrinə Co Baydenin namizədliyinə zərər vurmaq üçün təsir göstərilməsi məqsədilə əməliyyatlara göstəriş verib.

HTML tutorial

Prezident Co Bayden Putinə qarşı kəskin sözlər işlədərək, onu “qatil” adlandırıb və “bunun bədəlini ödəcəyini” deyib.

“Ruslar öz hərəkətlərinə görə cavab verəcəklər. Tezliklə bu barədə daha ətraflı danışacağıq”, Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Kremlin tənqidçisi olan müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə cavab olaraq, ABŞ çərşənbə günü Rusiyaya ixrac edilən bəzi məhsullarla bağlı sanksiyaları sərtləşdirəcəyini bildirib. Seçkilərə müdaxilə ilə bağlı əlavə sanksiyaların tətbiq edilə biləcəyi gözlənilir. Moskva isə öz səfirini Vaşinqtondan geri çağırıb.

“ABŞ prezidentinin böyük rəqib ölkənin liderini qatil adlandırması nadir bir haldır. Bəzən, məsələn, təhqirlərdən sonra səfirlər geri çağırılır. Əlbəttə, Bayden administrasiyası Solarwinds şirkəti tərəfindən kiber hücuma qarşı əlavə sanksiyaları nəzərdən keçirir. Yəni bu hər iki faktor nəzərə alınmalıdır”, RAND korporasiyasının təhlilçisi Vilyam Kortni bildirib.

ABŞ kəşfiyyatının hesabatına əsasən, Rusiya Trampın şəxsi vəkili Rudi Culiani də daxil olmaqla, onun yaxın çevrəsinin üzvləri vasitəsilə fəaliyyət göstərən Ukrayna əməliyyatçılarından istifadə edərək, o zaman namizəd olan Bayden haqda yalan iddialar yayıb.

Amerika cəmiyyətində qütbləşmədən istifadə edərək, bu kimi dezinformasiya kampaniyalarının davam edəcəyi gözlənilir.

“Məsələn, Qaraların Həyatı Mühümdür, ya da abort və yaxud da silah hüquqları kimi mövzular. Bunlar bizim rəqiblərimizin amerikalıları bir-birinə qarşı qoymaq, bizi bir-birimizə qarşı qoymaq və demokratik sistemdə iştirak və etimada maneə törətmək üçün istifadə etdiyi, gücləndirdiyi və silaha çevirdiyi şeylərdir”, Vilson Mərkəzinin təhlilçisi Nina Yankovits bildirib.

ABŞ böyük hərbi üstünlüyə malik olduğundan düşmənlər kiber hücumlar və dezinformasiya kampaniyalarına əl atır.

Qərb müttəfiqləri ilə birlikdə işləyən Birləşmiş Ştatlar bu ölkələrdə yüksək səviyyəli şəxsləri hədəf alan sanksiyalar, viza və bank məhdudiyyətləri vasitəsilə cavab ölçüləri götürə bilər.

“Siz ölkələrimizin işlərinə qarışsanız, bank hesablarınızı bloklayacağıq və kimin bank hesabları olacağını əvvəlcədən deməyəcəyik, bu, seçdiyimiz hər kəs ola bilər. Bu kimi şeylər, liberal demokratiya olaraq malik olduğumuz bu vasitələrdən öz mənafelərimiz üçün istifadə edirik”, Amerika Sahibkarlar İnstitutunun təhlilçisi Elizabet Brou bildirib.

Administrasiya cəza tədbirlərinin tətbiq ediləcəyini bildirsə də, Rusiya ilə iqlim dəyişikliyi, İranın nüvə danışıqları və silahlara nəzarət də daxil olmaqla əməkdaşlıq üçün sahələrin olduğunu vurğulayıb.