ABŞ Yaxın Şərqə təcili qüvvə göndərir

  • By admin
  • 30 Oktyabr 2023 13:02

ABŞ-ın Yaxın Şərqə göndərdiyi və Qırmızı dənizdə yerləşən amfibiya gəmisinin Şərqi Aralıq dənizinə doğru getdiyi açıqlanıb.

Gununsesi.info bildirir ki, CNN-in adının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə əsaslanan məlumatına görə, ABŞ-ın avqust ayında Yaxın Şərqə göndərdiyi 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupunu daşıyan “USS Bataan” amfibiya gəmisi keçən həftənin sonlarında Süveyş kanalına doğru hərəkətə başlayıb.

Rəsmilərdən biri avqust ayından Qırmızı dənizdə dayanan gəminin tezliklə Şərqi Aralıq dənizinə çatacağını qeyd edib.

Rəsmilər bu addımla gəminin İsrail və Livana daha da yaxınlaşacağını qeyd edərək, gəminin vəzifələrindən birinin də mülki şəxslərin təxliyyəsinə köməklik etmək olduğunu bildirib.

ABŞ oktyabrın 18-də Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığından avqust ayında edilən yazılı açıqlamada, USS Bataan amfibiya gəmisi, “USS Cartel Hall” desant gəmisi və təxminən 3 min əsgərdən ibarət 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupu iyulun 10-da Virciniya ştatından yola düşərək avqustun 6-da Qırmızı dənizə çatdığı bildirilmişdi.

Açıqlamada ABŞ-ın 5-ci Donanmasının bölgədəki imkanlarının yeni əsgər və gəmilərlə artacağı bildirilib.

Sözügedən addım İranın Fars körfəzindəki ticarət gəmilərinə müdaxiləsindən sonra atılıb.

Gununsesi.info