Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib

  • By ilhame
  • 18 Mart 2024 20:34

Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə rayonun Digah kəndi ərazisində yerləşən Türk şəhidlərinin uyuduğu Xatirə Kompleksini ziyarət edib, məzarları önünə tər çiçəklər düzərək xatirələrini ehtiramla yad ediblər.

Daha sonra Abşeron Mədəniyyət Evində davam etdirilən tədbirdə Çanaqqala zəfərinə aid sərgiyə baxış keçirilib.

Sonra Abşeron RİH başçısı Abdin Fərzəliyev çıxış edərək Çanaqqala döyüşünün türk tarixinin ən parlaq zəfərlərindən olduğunu qeyd edib. RİH başçısı bildirib ki, azərbaycanlılar hər zaman olduğu kimi Çanaqqala savaşında da qardaşlarına yardıma getmiş və onlarla birgə qəhrəmancasına döyüşmüşlər.

Türkiyə-Azərbaycan qardaşlığının daimi, əbədi və sarsılmaz olduğunu qeyd edən A.Fərzəliyev ildən-ilə xalqlarımız arasındakı bu bağın daha da möhkəmləndiyini tədbir iştirakçılarının diqqətinə şatdırıb.

Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxışı zamanı Türkiyə-Azərbaycan dostluğundan söz açıb, qardaşın qardaşa daima kömək etdiyini vurğulayıb.

Daha sonra Çanaqqala döyüşünə həsr olunmuş səhnəcik nümayiş olunub, mahnılar səsləndirilib.

Sonda səfir Cahit Bağçı düzənlənən tədbirə görə təşəkkür edərək bildirib ki, Çanaqqaladakı zəfər Türkiyənin Qurtuluş savaşı üçün ilham qaynağı olub. Cahit Bağçı azərbaycanlıların Çanaqqala savaşına qatılmasını xüsusi vurğulayaraq qeyd edib ki, Azərbaycandan gələn qardaşlarımız canları bahasına mübarizəmizə dəstək olublar. “Çanaqqala cəbhəsində azərbaycanlı qardaşlarımızla birgə, çiyin-çiyinə və fədakarcasına düşmənə qarşı savaşmışıq. Bu gün Azərbaycan şəhidləri Çanaqqalada, Qafqaz İslam Ordusunun tərkibində bura gələn və Azərbaycanın azadlığı uğrunda şəhid olan türk şəhidləri isə Azərbaycanın müxtəlif bölgələrində uyuyurlar” – deyə səfir bildirib.

Gununsesi.info