Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan igidlərimizin və şəhid övladının doğum günləri qeyd edilib.
“Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən şəhid mayor Həsənov Elşad Paşa oğlunun 41-ci, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən şəhid Musayev Vüsal Sakit oğlunun 26-cı doğum günü, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən şəhid mayor Rəhim Hüseynovun oğlu Fikrət Hüseynovun isə 5 yaşı qeyd edilib.
Anım tədbirləri ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri Xiyabanda uyuyan şəhidlərimizin məzarlarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxuyub, məzarları üzərinə tər çiçəklər düzülüb.
Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.
RİH başçısı Abdin Fərzəliyev daha sonra şəhid Musayev Vüsal Sakit oğlunun əvvəllər yaşadığı evə gedərək onun ailə üzvləri ilə görüşüb, ailələrin problemləri və qayğıları ilə maraqlanıb.
Şəhid mayor Həsənov Elşad Paşa oğlunun anım mərasimi Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. Mərasimdə Azərbaycan Respublikasının dövlət himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev xalqımızın qurtuluşundan, əldə etdiyi müstəqilliyindən, müstəqil dövlətçiliyimizin günü-gündən güclənməsindən və inkişafından danışıb.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra respublikamız intibah dövrünü yaşayıb, ağır günlərdən xilas olub. Məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət, güclü iqtisadiyyat və güclü ordu quruculuğu son nəticədə Azərbaycanın çiçəklənməsinə və işğal olunmuş torpaqlarımızın azad olunmasına gətirib çıxartdı. Bu siyasətin cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, müstəqillik dövründə döyüş ruhlu ordumuzun daha da gücləndirilməsi 44 günlük Vətən Müharibəsində xalqımızın zəfər qazanmasına gətirib çıxartdı.
Gununsesi.info