“Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq” - İLHAM ƏLİYEV

  • By admin
  • 04 Fevral 2022 18:08

“Ümid edirik ki, ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacaq. Ola bilsin, bir ildən də az müddətdə. İş mərhələlərlə aparılacaq. “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında deyib.

 

Dövlət başçısı bildirib ki, bu, böyük bir həcm deyil: “Lakin düşünürəm ki, bəzi ölkələr üçün əhəmiyyətli göstəricidir. Bu, bizim də artan tələbatımızı qarşılaya bilər və həmçinin ixrac imkanlarını da təmin edə bilər.

 

Yaxşı nəticə verəcəyinə ümid bəslədiyimiz digər böyük bir yataq “Babək”dir. Onun təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir. “Ümid” yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetrdir. Əlbəttə ki, bizim çoxdan istismarda olan neft-qaz yataqlarımızdan biri – “Azəri-Çıraq-Günəşli”dən böyük gözləntilərimiz var. Onun tezliklə istismara veriləcəyinə ümid etdiyim dərin qaz hissəsində yüz milyardlarla kubmetr qaz olacaq və düşünürəm ki, qısa zamanda hasil edilə biləcək. Beləliklə, bu, bizim bugünkü potensialımızdır. Bizi 4 ölkə, 4 qonşumuzla birləşdirən şaxələndirilmiş qaz nəqli şəbəkəsinə malik olmaqla, əsas ixrac marşrutu – Cənub Qaz Dəhlizi tamamlanandan sonra, düşünürəm ki, bizim planlarımız həyata keçiriləcək. Lakin əlbəttə ki, biz bu komanda işini davam etdirməliyik. Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, bizim işimiz isə davam edir. Əminəm ki, biz yeni nəticələr əldə edəcəyik”.

 

 

Gununsesi.info