Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak etmişdir. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə çiçəklər düzmüş, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixindən başlayaraq ölkəmizdə yaşanan intibahdan, respublikamızda geniş vüsət alan hərtərəfli inkişafdan danışmış, Ulu Öndərin milli ruhun dirçəldilməsində, dövlətçilik ənənələlərinin qorunub saxlanılmasındakı xüsusi xidmətlərindən söz açmışdır.
Sonra Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov çıxış edərək Ümummilli Liderlə bağlı xatirələri bölüşmüş, Ulu Öndərin Azərbaycan xalqının taleyində misilsiz rol oynadığını, dahi şəxsiyyətin hər zaman qürur və iftixar hissi ilə xatırlandığını və yad edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi rəhbərliyə gəlməsinin mühüm tarixi hadisə olduğunu qeyd edərək vurğulamışdır ki, Ulu Öndər ömrünü dövlətimizin çiçəklənməsinə və rifahına, xalqımızın inkişafına həsr etmişdir.
Daha sonra Vətən Müharibəsi şəhidi İlqar Vəliyevin oğlu Vəli Vəlizadə və Vətən Müharibəsi qazisi Elməddin Novruzov çıxış edərək xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərindən danışmış, müdrik siyasətçinin hakimiyyətə gəldiyi gündən etibarən Azərbaycanda iqtisadi, siyasi, mədəni, aqrar, elm, təhsil sahələrində yüksək uğurlar əldə olunduğunu qeyd etmişlər. Bildirilmişdir ki, dahi şəxsiyyət bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürmüş, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırmışdır. Onlar şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.
Gununsesi.info