Abşeronlu şəhid övladlarının muzeyə ekskursiyası təşkil edilib - FOTOLAR

  • By admin
  • 14 Aprel 2022 11:01

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qalib gəldiyi Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn  abşeronlu igidlərin övladlarının Azərbaycan Mülki Aviasiya Muzeyinə və Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Heydər Əliyev muzeyinə ekskursiyası təşkil edilib.

Gununsesi.info xəbər verir ki, ekskursiya Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dünya Aviasiya və Kosmonavtika günü” ərəfəsində reallaşdırılıb. Muzeyin gəzintisi zamanı şəhid övladlarına Azərbaycan Respublikasının aviasiya sahəsində əldə etdiyi uğurlar və dünya aviasiyası barəsində ətraflı məlumat verilib.

Qeyd edilib ki, 1961-ci ilin aprelin 12-də ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. “Vostok” kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və Rusiyanın Saratov vilayəti ərazisində uğurla yerə enib. Keçmiş SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli Qərarı ilə 12 aprel – Dünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda bu gün bir çox ölkələr tərəfindən qeyd olunur.

Dünya Aviasiya və Kosmonavtika Günündə respublikamızda kosmik sənayenin yaradılması tarixinə nəzər salınaraq vurğulanıb ki, ölkəmizdə müvafiq sahənin inkişafı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından sonra başlayıb. 2009-cu il avqustun 17-də isə dövlətimizin başçısının sərəncamı ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib.

Prezident İlham Əliyevin 2010-cu il 3 may tarixli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə təsis edilən “Azərkosmos” 2011-ci ildə fəaliyyətə başlayıb. Bu il Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos”un fəaliyyətə başlamasının 11 ili tamam oldu. “Azərkosmos”un idarəçiliyində olan ilk milli peykimiz – “Azerspace-1” telekommunikasiya peyki 2013-cü il fevralın 8-də Fransa Qvianasında yerləşən Kuru kosmodromundan bu ölkənin “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi vasitəsilə 46 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarılıb. Peyk ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfindən istehsal olunub.

İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi ölkəmizin kosmik sahədə yeni üfüqlərini açmaqda bir vasitə olacaq.

Qeyd edilib ki, Abşeron RİH-nin təşkilatçılığı ilə baş tutan bu kimi  silsilə maarifləndirici tədbirlərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

Ekskursiyanın sonunda şəhid övladları ilə xatirə fotosu çəkilib.

Abşeronlu şəhid övladlarının muzeyə ekskursiyası təşkil edilib - FOTOLARAbşeronlu şəhid övladlarının muzeyə ekskursiyası təşkil edilib - FOTOLARAbşeronlu şəhid övladlarının muzeyə ekskursiyası təşkil edilib - FOTOLAR

Gununsesi.info