Abşeronun yeni başçısı rayonun problemlərini nəzarətə götürdü - ABDİN FƏRZƏLİYEV SAKİNLƏRİ DİNLƏDİ

  • By admin
  • 16 Fevral 2022 13:12

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 25 yanvar 2021-ci il tarixdə Xırdalan şəhəri, 27-ci məhəllə, 1b saylı çoxmənzilli binada baş vermiş güclü partlayış nəticəsində ziyan çəkmiş sakinlərlə görüşmək məqsədi ilə sözügedən ünvana getmişdir.
Gununsesi.info bildirir ki, görüş zamanı məlum olub ki, güclü partlayış nəticəsində 5 mənzil tamamilə dağılmış, qarşıdakı 80 mənzildən ibarət çoxmənzilli yaşayış binasında 40-dan çox mənzilin pəncərələri, qapıları və bir çox məişət əşyaları yararsız vəziyyətə düşmüşdür.
Hazırda çoxmənzilli binada təmir-bərpa işləri başa çatmış, zərər çəkmiş ailələr öz mənzillərinə qaytarılmışdır. Mənzilləri tamamilə dağılmış 5 ailə üçün isə çoxmənzilli yaşayış binasının qarşısında iki mərtəbədən ibarət binanın tikintisi və çoxmənzilli binada mətbəxti yararsız vəziyyətə düşmüş bir ailə üçün isə növbəti mərhələdə mətbəxtin yenidən inşası nəzərdə tutulmuşdur.
Lakin Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə bildirilib ki, iki mərtəbədən ibarət binanın tikintisi üçün təklif olunan ərazinin ölçüləri şəhərsalmanın əsaslandırılması layihəsinin işlənməsi üçün yetərli (tələbləri ödəmir) deyil və bu səbəbdən məsələ açıq olaraq qalmaqdadır.
RİH başçısı Abdin Fərzəliyev aidiyyatı dövlət qurumları ilə yazışmaların davam etdiriləcəyini və problemin həlli istiqamətində mümkün variantların araşdıracaqlarını bildirmişdir.
​Bundan başqa Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xırdalan şəhərində istifadəsiz qalmış və yararsız hala düşmüş Şahmat Məktəbinin mövcud durumu ilə tanış olmaq məqsədi ilə binaya baxış keçirmişdir.
Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev Şahmat Məktəbi haqqında ətraflı məlumat verərək bildirmişdir ki, 2014-cü ildə inşa olunan binanın yararsız vəziyyətə düşməsinin səbəbi yaxınlıqda olan atraksiondakı suyun sızması və suyun dəyişdirilməsi ilə əlaqədardır. Belə ki, akraksiondakı su dəyişdirilən zaman böyük həcimli su kütləsi Şahmat Məktəbinin bünövrəsinə axmış və bunun nəticəsində məktəbin döşəməsi çökmüşdür. Şahmat Məktəbinin 2 dəfə əsaslı şəkildə təmir olunmasına baxmayaraq sözügedən atraksionun suyunun 3 dəfə dəyişdirilməsi ilə məktəb yenidən yararsız hala düşmüşdür. Bununla əlaqədar olaraq RİH başçısından sözügedən atraksionun ərazidən uzaqlaşdırılması və Şahmat Məktəbinin yenidən təmir olunmasında köməklik göstərilməsi xahiş olunmuşdur.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev məsələnin araşdırılması və təmir-bərpa layihəsinin hazırlanması istiqamətində müvafiq tapşırıq və göstərişlərini vermişdir.

Gununsesi.info