Adada kritik seçkilər: Tayvan yaxınlığında Çinin hava şarları göründü

  • By admin
  • 12 Yanvar 2024 12:40

Tayvanın Müdafiə Nazirliyi adanın yaxınlığında beş Çinin hava şarının aşkar edildiyini bildirib.

Gununsesi.info-nun xəbərinə görə, nazirliyin sosial şəbəkədə yaydığı məlumatda deyilir ki, bir gün əvvəl adanın cənubunda üç, şimalında isə iki Çin şarı aşkar edilib.

Müdafiə Nazirliyi həmçinin bildirib ki, adanın ərazisində Çin Xalq Azadlıq Ordusuna məxsus 10 hərbi təyyarə və 6 gəmi müşahidə edilib.

Yanvarın 13-də Tayvanda keçiriləcək seçkilər ərəfəsində adanın yaxınlığındakı Çin şarlarının aktivləşdiyi qeyd edilir.

2023-cü il dekabrın 17-dən, yəni Tayvan Müdafiə Nazirliyinin onlardan ilk dəfə bəhs etdiyi vaxtdan bəri adanın yaxınlığında aşkarlanan şarların sayı 35-ə çatıb.

İlin əvvəlindən bəri hər gün ən azı bir Çin hava şarının uçuşu qeydə alınıb.

Ehtimal olunur ki, hava şarları elektron kəşfiyyat avadanlığı ilə təchiz olunub.

Uçuşlar Pekin administrasiyasının seçki prosesi zamanı kəşfiyyat məlumatlarının toplanması səylərini gücləndirdiyinə işarə kimi şərh edilir.

Bundan əlavə, hava şarlarının aktivliyinin artması Pekinin seçki prosesi zamanı adanın sakinlərinə təsir göstərmək və onun suverenlik iddialarını işıqlandırmaq cəhdi kimi də qiymətləndirilir.

Çin Xarici İşlər Nazirliyinin nümayəndələri hava şarlarının olması ilə bağlı suala “vəziyyətdən xəbərsizdirlər və bu məsələnin beynəlxalq münasibətlərlə heç bir əlaqəsi yoxdur” cavabını verirlər.

Yanvarın 13-də Tayvan administrasiyasının rəhbəri seçkiləri və adanın parlamenti olan Qanunverici Yuan üçün seçkilər keçiriləcək.

Seçkilər Tayvanın növbəti 5 il üçün liderini və hökumətinin tərkibini müəyyən edəcək. Lakin adanın hazırkı lideri Tsay İnq-ven iki müddətə hakimiyyətdə qaldığı üçün namizədliyini irəli sürə bilməyəcək. Seçki yarışında favorit Tayvan administrasiyası rəhbərinin hazırkı müavini, hakim Demokratik Tərəqqi Partiyasının nümayəndəsi Lai Qinqdedir. Seçkilərdə qalib gəlsə, Çinlə mövcud gərginliyin davam edəcəyi proqnozlaşdırılır.

Seçki prosesi zamanı bir sıra Çin rəsmiləri “müstəqillik tərəfdarı” və “separatçı” kimi qələmə verdikləri Lainin seçkidə qalib gələcəyi təqdirdə “münaqişə və müharibə riskinin artacağına” işarə edən açıqlamalar verib.

Tayvan 1949-cu ildən de-fakto müstəqilliyə malikdir. Vətəndaş müharibəsindən sonra materik Çin və Tayvan arasında yaranan parçalanma bu günə qədər davam edir.

Son illərdə Tayvana hərbi təzyiqləri artıran Pekin administrasiyası, adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqinin mümkünlüyünü istisna etmədiyini vurğulayır.

Gununsesi.info