Bu gün Naxçıvan şəhərində “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisidir” mövzusunda tədbir keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbir Milli Məclisin sədr müavini Adil Əliyev, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən təşkil edilib.
Tədbirdə Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Muxtar Respublikanın gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Naxçıvan Muxtar Respublikasının müxtəlif rayon və şəhərlərindən olan 400-dən artıq gənc, Vətən müharibəsi qaziləri, şəhid ailələrinin üzvləri olan gənclər və kursantlar iştirak edib.
Tədbirdə Milli Məclisin sədrinin müavini Adil Əliyev çıxış edib. Adil Əliyev çıxışında Ulu öndərin həm sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə, həm də müstəqillik dövründə Prezident kimi ölkədə gənclər siyasətinin təməlinin qoyulması və inkişafındakı müstəsna rolundan bəhs edib. O, Ulu Öndərin atdığı konkret addımlar və qərarlarla onun gənclər siyasətini necə ərsəyə gətirdiyini əsaslandırıb.
Adil Əliyev Ulu Öndərin gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və zamanın tələblərinə uyğun surətdə inkişaf etdirildiyini vurğulayıb. O, eləcə də milli-mənəvi dəyərlərimizə bağlı yetişmiş gəncliyimizin İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətdən, ölkəmizin ərazi bütövlüyünün bərpa və suverenliyinin bərqərar edilməsindən söhbət açıb.
Sonda gənclərlə onları maraqlandıran mövzularda müzakirələr aparılıb. Milli Məclisin sədr müavini gənclərə hədiyyələr təqdim edib.
Gununsesi.info