Adil Qeybulla: “Yeganə silahım ruhumun güclü olmasıdır” - 55 ilin hesabatı

  • By admin
  • 04 Fevral 2017 09:49

adil

Taninmış həkim və ekspert Adil Qeybulla özünün 55 illik yubileyini qeyd edib. Gununsesi.info Adil həkimin özünün “55 ilin  hesabatı” adlı yubiley yazısını təqdim edir: 

55 ilin hesabatı – Retrospektiv və introseptiv düşüncələr

Əziz Vətən övladları!
Bəri başdan bəyan edirəm ki, öncəgörməni, adlı illəri, bürcləri və buna bənzər mifik dünyagörüşlərini qəbul etmirəm. Düzdür, insanda elektro- və maqnitoresepsiya (The ampullae of Lorenzini) mövcud deyildir, amma insana bəxş edilən analizatorlarla qəbul edilən informasiya və təhlillər əsasında formalaşan aurada mövcudluğumu tam adekvat dərk edirəm.
Azad düşüncə məktəb illərindən təfəkkür tərzimdir. Qeybət mədəniyyətindən, nifrət hissindən daim uzaq durmağa çalışıram. Özüm haqda müstəbeh deyiləm, bəlkə də tənqidi notlar daha üstünlük təşkil edir.
Uca millətimə layiqincə qulluq edə bilmədiyimdən və öz potensialımı cəmiyyətdə tam realizə etmək imkanım və şansım olmadığından qətiyyən mutlu deyiləm. Düşüncələrimə görə basqılar, pressinqlər və qadağalar həyat tərzimə çevrilib. Valideynlərimin qulluğunda lazımınca dura bilməmişəm, onlara həyat yolumun acılarını yaşatmışam, ailəmiz bundan daim diskomfort yaşayıb, daxilimdə özümün kontrol edə bilmədiyim vicdani sızınltılarla yaşamaq zorundayam. Yeganə silahım ruhumun güclü olmasıdır.
Getdiyim yolu onun bütün ziqzaqlarına, ziddiyyətlərinə, bəzi əqidədaşlarımın dönüklüyünə, acı təəssüf hissi doğuran davranışlarına rəğmən doğru hesab edirəm və bundan qətiyyən peşman deyiləm. Kimsədən asılı deyiləm, kimsənin qarşısında öhdəliyim yoxdur. Valideynlərim qarşısında yerinə yetirə bilmədiyim övlad borcumun, müəllimlərim qarşısında ehtiram hissinə dayanan mənəvi borcumun, millətimin qarşısında isə vətəndaş borcumun olduğunu tam məsuliyyətlə qəbul və dərk edirəm.
Həyat yoldaşım və övladlarımdan razıyam, lakin mən onlarla fəxr edəcək fərdiyyətçi həyat tərzi yaşamıram. Mənimçün vətən əxlaqı bütün əxlaqi nəsnələrin fövqündə dayanır. İctimai şüura malikəm və bütün millətin uğuru əsas hədəfimdir. Millətimi dünyada öncül imzalara malik millət kimi görmək amalındayam. Zamanında nail olmaq istədiyim bəzi siyasi «uğurların» baş tutmamasını (məc., millət vəkili təyin olunmamağımı) müsbət mənada bəxtimə yazıram.
Doğum günü kimi təqvimləri isə tam simvolik hesab edirəm.
Bütün dostlara salamlar! Təbriklərə minnətdarlıq hissi ilə qarşılıq verirəm.

Gununsesi.info