
ADP Konstitusiyaya dəyişiklikləri ölkədəki siyasi rejimin daha da sərtləşdirilməsi kimi dəyərləndirir.
Gununsesi.info xəbər verir ki, bu barədə ADP İdarə Heyətinin qəbul etdiyi bəyanatda deyilir. ADP İdarə Heyətinin bu gün keçirilən toplantısında Konstitusiyaya dəyişikliklər məsələsi müzakirə edilib. ADP Konstitusiyaya təklif olunan dəyişikliklərin böyük əksəriyyətinin, iqtidar tərəfinin əsaslandırmalarına rəğmən, hər hansı inkişafla bağlı olmadığını vurğulayıb və bu addımı ölkədəki siyasi rejimin daha da sərtləşdirilməsi, mərkəzi icra hakimiyyətinin, hakimiyyətin digər qolları ilə münasibətdə konstitusion üstünlüyünün artırılması, hakimiyyətin bir əldə cəmləşdirilməsi, parlamentarizmin sıxışdırılmasına cəhd kimi dəyərləndirib. İdarə Heyəti təklif edilən Konstitusiya dəyişikliklərinin obyektiv siyasi zərurətdən irəli gəlmədiyinə, dövlətin və xalqın siyasi maraqlarına xidmət etmədiyinə, habelə hazırkı böhran şəraitində əlavə maliyyə itkisinə səbəb olacağına əsaslanaraq konstitusiya dəyişiklikləri haqqında referendumun keçirilməsinin əleyhinə olduğunu bəyan edib və Azərbaycan xalqını bu təşəbbüslə əlaqədar fəal münasibət bildirməyə çağırıb.
Gununsesi.info