ADU-da “Heydər Əliyev 100: Türkiyə Yüz İli” adlı tədbir keçirilib

Dekabrın 27-də Azərbaycan Dillər Universitetinin (ADU) və Türkiyə-Azərbaycan Yüzüncü il Platformasının birgə təşkilatçılığı ilə  “Heydər Əliyev 100: Türkiyə Yüz İli” adlı tədbir keçirilib.

Öncə Dövlət Himnləri səsləndirilib. Sonra hər iki ölkənin inkişaf yolunu və sarsılmaz dostluğunu əks etdirən videoçarx nümayiş olunub.

ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova hər iki dövlət arasındakı əlaqələrin köklərinin dərin tarixə malik olduğunu, bu gün də o əlaqələrin dostluq, qardaşlıq münasibəti ilə davam etdiyini bildirib. Millət vəkili Tamam Cəfərova  çıxışında Ulu öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamının bu gün də hər iki dövlətin vətəndaşları üçün örnək olduğunu vurğulayıb.

Türkiyə – Azərbaycan Yüzüncü il Platformasının (TAYİB)  sədri Elmin Sadıqov hər iki qardaş ölkənin mühüm tarixi hadisələrinin gənc nəslə və ictimaiyyətə çatdırılması və bu sahədə çoxsaylı tədbirlərin təşkil olunmasının əhəmiyyətindən və ötən bir ildə gördüyü işlərdən danışıb.

Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin müşaviri Ulaş Qığılcım, millət vəkilləri Musa Qasımlı, Anar İsgəndərov, Aydın Mirzəzadə, ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəyli hər iki ölkənin dostluq və qardaşlıq münasibətlərindən, bu isti münasibətlərin yüksəlməsində qardaş ölkələrin dövlət başçılarının müdrik addımlarının müstəsna rolundan, əldə etdiyi  uğurlarından danışıblar. Natiqlər hər iki ölkə arasında münasibətlərin bundan sonra daha da dərinləşəcəyinə əminliyini qeyd ediblər.

Tədbir tələbələrin iştirakında bədii hissə ilə davam edib.

.