Dekabrın 11-də Azərbaycan Dillər Universitetində Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin və YAP Nəsimi Rayon Təşkilatının rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb.
Qeyd olunub ki, Azərbaycan tarixinə adını qızıl hərflərə yazdıran dahi lider, böyük şəxsiyyət Heydər Əliyev xalqın təkidilə yenidən siyasi hakimiyyətə qayıtmaqla, Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi yox olmaqdan xilas etdi:
“Bu gün hər birimiz Ulu öndərin əziz xatirəsini böyük sevgi və hörmətlə anırıq. Ulu öndər Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi yox olmaq təhlükəsindən xilas etdi. Azərbaycan xalqı ona güvəndi, ona inandı və bu gün Ulu öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz qətiyyəti, cəsarəti və müdrikliyi ilə bu böyük yolu uğurla davam etdirir.
Bu gün biz qalib xalqın nümayəndələriyik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Qalib xalqın nümayəndələri kimi hər birimiz öz işimizdə mətanətlə, ləyaqətlə çalışıb, Azərbaycanın inkişafına təkan olmalıyıq”.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb.
Qeyd olunub ki, Heydər Əliyev Azərbaycan elminə və təhsilinə himayədarlıq edib, bu sahədə çalışanlara həmişə diqqət və qayğı göstərib.
Asif Əsgərov Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğulayıb ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi ulu öndər Heydər Əliyev idi.
Daha sonra Nəsimi rayon İcra hakimiyyətinin təşkilatçılığı və Nəsimi rayon Bələdiyyəsinin dəstəyi ilə “Ən dahi insan” filmin nümayişi olub.
Tədbir Ulu öndər Heydər Əliyev haqqında dünya siyasi liderlərinin fikirlərinin səsləndirilməsi ilə yekunlaşıb