Azərbaycan Dillər Universitetinin (ADU) və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə tərəfdaşlığı ilə “Sirli Azərbaycan – Şərq və Qərb arasında körpü” mövzusunda keçirilən yay məktəbi yekunlaşıb.
Gununsesi.infoxəbər verir ki, 09.09.2024 tarixində ADU-nun rektoru, akademik Kamal Abdulla “Yay məktəbi”nin iştirakçı tələbələri ilə görüş keçirib. Xarici tələbələrlə görüşündə yay məktəbinin tələbələrə qazandırdığı geniş təcrübədən, beynəlxalq dostluqlar qurmaq üçün fürsətin vacibliyindən bəhs edərək, qərb ölkələri ilə Azərbaycan arasındakı inteqrasiyaya töhfə verməyin vacibliyini önə çəkib:
“İnkişaf və özünütəsdiq üçün xalqların bir-biri ilə sıx münasibətlər qurması vacibdir və bu istiqamətdə sizin Azərbaycanlı tələbələrlə yay məktəbində öz təcəssümünü tapan bu addımın qiyməti çox böyükdür”.
İki həftəlik xüsusi pro ram Almaniyadan və Azərbaycandan olan tələbələrə müxtəlif sahələr üzrə aktual mövzularda müzakirələrdə iştirak etmək, nəzəri və praktik biliklərini genişləndirmək imkanı verib.
Görüş zamanı rektor yay məktəbini uğurla bitirən tələbələri təbrik edib, onlara gələcək həyatında uğurlar arzulayıb.
Tələbələr də onlar üçün yaradılan şəraiti və tədrisin yüksək səviyyədə həyata keçirildiyini bildirərək məmnunluqlarını bildiriblər.