
Təcavüz və ayrı-seçkiliklə üzləşən qara afrikalı miqrantlar prezident Qais Səidin mübahisəli açıqlamalarından bir neçə həftə sonra Tunisi tərk ediblər. O, bəyan edib ki, miqrasiya ölkənin kimliyini dəyişdirmək üçün “sui-qəsddir”. Baxmayaraq ki, o, ifadəsinin irqçi olduğunu inkar edib.
Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir. O vaxtdan bəri sosial media təhqiramiz şərhlər və dezinformasiya fırtınasına çevrilib. Belə ki, xəbər nəşrlərində və sosial şəbəkələrdə tapdığımız tezislərdən birində deyilir ki, ölkədə qaradərili Afrika ölkələrindən olan 700 mindən çox miqrant yaşayır.
Lakin Tunis Miqrasiya Statistika İnstitutunun məlumatına görə, bu rəqəm xeyli aşağıdır. Təxminən 58.000 immiqrantdan yalnız 21.000-i Sahara-altı Afrikadandır. Sosial mediada miqrantlara hücum edən yazılar Mərakeş və Misir resurslarına yayılıb. Sosial media istifadəçiləri Mərakeş kimliyinin qorunub saxlanması üçün çağırışlar etməyə başladılar.
Belə ki, bir videoda istifadəçilər qaradərili Afrika ölkələrindən olan insanlarla evlənən mərakeşli qadınları tənqid ediblər. Oxşar yazılar Misirdə də peyda olub, burada mühacirlərin demoqrafik mənzərəni dəyişəcəyi ilə bağlı qorxular ifadə olunub. Bu, qaradərili vətəndaşları küçədə qarşılaşdıqları ayrı-seçkiliyi və zorakılığı pisləməyə sövq edib.
Bir çoxları sənədsiz miqrantlarla səhv salındıqlarını və fiziki və ya şifahi təhqirlərə məruz qaldıqlarını iddia ediblər. Bu arada Dünya Bankı Tunislə əməkdaşlığa dair danışıqları dayandırıb və Aİ ölkəni münaqişə və yoxsulluqdan qaçan insanlara qarşı nifrətin qızışdırılmasına qarşı xəbərdarlıq edib.
Tərcümə:
Adil ELXANOĞLU
Gununsesi.info