Ağ Ev Ukraynaya yeni yardım paketləri üçün pulun olmadığını açıqlayıb

  • By admin
  • 04 Yanvar 2024 12:31

Ağ Ev ABŞ Konqresi tərəfindən qəbul edilənə qədər Ukraynaya yeni hərbi dəstək üçün artıq pulunun olmadığını bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Biz artıq Ukraynaya vəsaitimiz olan sonuncu təhlükəsizlik paketini Yeni il öncəsi və Miladdan sonra vermişik. Və bunu davam etdirə bilməmiz üçün Konqresin dəstəyini almalıyıq”, – o deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden Kiyevə onun səlahiyyətlərinə uyğun vəsait ayrılan təhlükəsizlik yardımının son paketini imzalayıb.

O, qeyd edib ki, bundan sonra əlavə maliyyə olmadığı halda Ukraynaya dəstək tapmaq üçün başqa “sehrli qazan” yoxdur.

Qeyd edək ki, ABŞ Konqresi 2023-cü ilin sonuna qədər Ukraynaya əlavə maliyyə ayrılmasını təsdiq etməyib və bu səbəbdən Ağ Ev növbəti hərbi yardım paketlərini elan edə bilməz.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden cümə günü, dekabrın 29-na keçən gecə Rusiyanın Ukraynanı kütləvi şəkildə atəşə tutmasını şərh edərkən Konqresin Kiyevə əlavə yardımı mümkün qədər tez təsdiqləməsinin vacibliyini qeyd edib.

Dekabrın 27-də ABŞ Ukraynaya 2023-cü ildə 250 milyon dollar dəyərində sonuncu hərbi yardım paketini təqdim etdiyini açıqlayıb.

ABŞ prezidenti Joe Biden oktyabr ayında Konqresdən əlavə maliyyə, o cümlədən Ukrayna üçün 60 milyard dollardan çox vəsaitin təsdiqlənməsini istəyib. Lakin Meksika ilə sərhəd təhlükəsizliyi ilə bağlı ikitərəfli fikir ayrılıqları səbəbindən Senatda dayanıb.

Gununsesi.info