Ağ Evdən Xankəndi yaxınlığındakı partlayışa görə humanitar yardım təklifi

  • By admin
  • 27 Sentyabr 2023 08:42

ABŞ hakimiyyəti Qarabağ sakinlərinin humanitar yardım ala biləcəyini, Amerika tərəfinin isə onlara əlavə dəstək göstərəcəyini gözləyir. 

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotsonun yazılı bəyanatında deyilir.

O qeyd edib ki, Amerika tərəfi “Qarabağda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində azı 68 nəfərin həlak olması və yüzlərlə insanın yaralanması xəbərindən kədərlənir. “Biz ehtiyacı olanların hamısının xeyrinə Qarabağa humanitar yardımın davam etdirilməsinə çağırırıq”, – Uotson vurğulayıb.

Ağ Evin sözçüsü əmin edib ki, “Birləşmiş Ştatlar indiki böhrandan zərər çəkənlərə dəstəyini davam etdirəcək”.

Qeyd edək ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Azərbaycan dərhal hadisəyə reaksiya verib və yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Eyni zamanda, Saatlı, Sabirabad və Ağdam xəstəxanaları zərərçəkənlərin kütləvi qəbulu məqsədilə sürətlə hazırlanaraq xəstələri qəbul etmək üçün Bakıdan briqadalar göndərilib. 

Səid Əhmədli
Gununsesi.info