“Ağ ölüm”: Qadınlar bu tələyə necə düşürlər – ÇIXIŞ YOLU

  • By admin
  • 11 Mart 2022 13:47

Sən qadınsan, narkoman yox!

Zərərlərindən nə qədər çox bəhs edilsə də, haqqında minlərlə maarifləndirici film, videoçarx çəkilib, kitablar yazılsa da, dünyada və ölkəmizdə narkotik vasitələrdən istifadə edənlərin sayı getdikcə artır. Nəinki belə maddələri qəbul etmək, artıq onların kütləvi tədarükü ilə məşğul olmaq daha da yayğınlaşıb. Təəssüf ki, kişilərlə yanaşı zərif cinsin nümayəndələri də bu kimi səhv meyillərə yönəlir və “ağ ölümün” qurbanına çevrilirlər.

Statistikalara nəzər salsaq görərik ki, son onillikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş qadınların sayı artıb.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata əsasən, 2021-ci ildə qadınlar tərəfindən və onların iştirakı ilə törədilmiş cinayətlərin sayı müvafiq olaraq 34,2 faiz və 1,6 dəfə artıb, yetkinlik yaşına çatmayanlar tərəfindən və onların iştirakı ilə törədilmiş cinayətlərin sayı isə müvafiq olaraq 1,6 dəfə və 8,6 faiz azalıb.

 

 

Bu rəqəmlər bizə nəyi deyir? Niyə qadınlar, yeniyetmə qızlar belə yollara yönəlir?

 

Bununla bağlı Modern.az-a danışan klinik psixoloq Şahin Əliyev hesab edir ki, psixotrop maddələrdən istfadə edən qızların əksəriyyətinin həyatında natamam ailə strukturu var:

“Ailə qayda-qanunları yerində olan insanlarda adətən belə kənara çıxmalar müşahidə olunmur. Narkotik vasitələrdən istifadə edən qızların ya atası vəfat edib, ya da onlardan ayrı yaşayır. Qız uşaqlarının da əks cins olaraq enerji aldıqları, həyatı mənimsədikləri şəxs ata modelidir. O fiqurun yoxluğu gənc qızlarda hətta emosional davamsız şəxsiyyət pozuntusuna da gətirib çıxara bilir. Belə halların erkən başlanğıc dövrü 12-13 yaş aralığına təsadüf edir ki, həmin qızlar bu dövrdə nəinki narkotik vasitələrə meyl edir, eyni zamanda özlərinə, bədənlərinə də zərər vururlar. Valideyn isə 15-16 yaşına çatanda “mənim qızım niyə belə oldu, axı mən onun heç nəyini əksik etməmişəm” deyir.  Bəs burada əksik olan nədir? Mənəvi tələbat. Gənc qızlardakı bu boşluğu kənar şəxslər doldurur. Çünki onlar qınamırlar, cəzalandırmırlar, ancaq “gəl” deyirlər. Bu çağırışın nəticəsində qızları istədikləri yola çəkib apara bilirlər”.

 

Bəs narkotikdən istifadəyə tək ailə natamamlığı səbəb ola bilir? Digər hansı nüansları unutmamalıyıq?

 

Həkim-psixiatr Abdulla Şıxlinski deyir ki, cəmiyyətdə sosial iqtisadi problemlərin çoxluğu və onların həlli imkanlarının az olması, həyat yoldaşı tərəfindən tərk edilmə, maddi-psixoloji-sosial çətinliklər, tanış olduğu kişidən gördüyü neqativ nümunə kimi səbəblər də qadınları narkomaniyaya təşviq edir:

 

“Eyni zamanda qadınlar arasında narkotik vasitələrin qəbulu və fahişəliyin paralel şəkildə icra olunması tendensiyası müşahidə olunur. Qadınlar arasında ən çox istifadə olunan psixotrop maddə, adətən, marixuana olur. O narkotik təsiri göstərən bitkidir. Marixuananı müxtəlif hallara salaraq istifadə edirlər. Gah dil altına qoyub soraraq, gah qidaya əlavə edərək, gah da tütün məhsulu kimi”.

 

A. Şıxlinski sözlərinə görə, narkotik asılılığından birdəfəlik xilas olmaq mümkün deyil. Qadınlar arasında narkotik asılılığı kişilərlə müqayisədə həddindən artıq ağır keçir və 2-4 dəfə daha tez yaranır. Onların müalicəsi menstruasiya dövründə ağrıların daha da şiddətlənməsi səbəbilə çətin olur. Qadınların mərkəzi sinir sisteminin fəaliyyəti çox dəyişkəndir.

 

 

Narkotik səbəbdir, yoxsa nəticə?

“Narkotik maddə istifadəsi səbəb deyil, nəticədir – yalnızlığın, çarəsizliyin, sevgi, qayğı azlığının nəticəsi. Hər bir insan narkoman olmur, narkoman olmaq üçün insanda daxili meyillilik lazımdır. Bu da yuxarıdakı səbəblərdən qaynaqlanır”- deyə həkim psixoloq A. Şıxlinski sualımıza aydınlıq gətirib.

 

“Qanun hamı üçün qanundur” deyə bir deyim var. Gəlin, nəzər yetirək, əgər qadın narkotik aludəçisi və satıcısıdırsa, onun barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilikdə, həmin şəxsin aqibəti necə olur? Azadlıqla belə şiddətli ağrılara dözməyən vücud dörd divar arxasında necə dayanacaq? Narkoman qadınların xilas yolu həbsdən keçir?

 

 

Sualımıza Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev belə cavablandırıb:

 

“Əgər saxlanılan şəxsin narkotik asılılığı varsa, o, müvafiq tibbi prosedurlara cəlb olunmaqla müalicələri təmin olunur.  Narkotik asılılığı olan, ümumiyyətlə barəsində cinayət-hüquqi tədbirlər həyata keçirilən şəxslərin hər biri qanuna müvafiq qaydada narkotik aslılığından xilas olması, bütövlükdə tamamilə islah olması üçün bütün zəruri tədbirlər diqqətdə saxlanılır. Məhkəməyə qədər, istintaq dövründə təqsirləndirilən şəxsin narkotik aludəçiliyi varsa,  müvafiq qaydada həmin şəxslər barəsində ciddi müdaxilələr həyata keçirilir və müalicələri təmin edilir. Bu müddət ərzində polis üzərinə düşən öhdəliyi yerinə yetirir. Müvafiq ixtisaslaşmış tibbi müəssisələr var ki, həmin şəxslərin müalicələri orada təşkil olunur”.

 

“Hər qaranlıq gecənin işıqlı bir sabahı olur” deyirlər. Narkomaniya qara gecə olsa da, ağ ölümə gətirib çıxarır, bəzən sonu işıqlı yox, əksinə zülmət, kabus olur….

Bu bəlaya düçar olmaq çox asandır: nədir ki, bir dəfədən heçnə olmaz. Sağlamaq isə çox çətindir: gərək iradəli olub, qalib gələsən…

 

Bu dövrdə şəxsin özü ilə yanaş ailəsi də ona dəstək olmalıdır.

 

Klinik psixoloq Şahin Əliyev hesab edir ki, sağalma mərhələsində öncə narkoloq, daha sonra fizioterapiya müddətində psixoloq nəzarəti olur, burda əsas məqam valideynin övladına münasibətidir.

 

“Kobud, qıcıqlandırıcı, qınayıcı və tələbkar olmaq heç vaxt müsbət nəticə verməyəcək. Xüsusən də gənclərə təziq etməkdən, “sən yenə telefondasan, dərslərini oxu” kimi tələbkar cümlələrdən çəkinmək lazımdır.

 

Biz gənc qızlarla seans edərkən onlarla birgə valideynləri də dəvət edirik. Öncə ailə düzəlməlidir ki, uşaq sağala bilsin,  çünki problemin qaynağı ailədir. Eyni zamanda sağalma prosesində ailənin nəzarəti olmalıdır, yeniyetmə bütün sosial ətrafından kənarlaşdırılmalıdır, lazım gələrsə, məktəbi və yaşayış yerini də dəyişmək vacibdir”.

 

Təbii ki, bütün valideynlər öz övladını narkotik bəlasından qorumağa çalışır. Amma, nəzərə almaq lazımdır ki, indi onların dövründəki cavanlıq həyatı yaşanılmır, artıq zaman dəyişib, sosail media vasitəsilə kənar mühitin ağuşuna düşmək çox asandır.

 

Bu barədə söz açan Ş. Əliyevin fikrincə, gənc qızları kənar və təhlükəli meyllərdən qorumaq üçün ailə münasibətlərində nəyin əskik olduğunu müəyyən edib, o istiqamətdə əlaqəni gücləndirmək lazımdır. Qayğı və sevgi tələbatının yoxsunluğu, dinlənilməmək qızları ailədən uzaqlaşdıran birinci və əsas amildir.

 

Yeniyetmə qızları narkomaniyanın torundan qorumaq üçün təkcə valideynlərin nəzarəti kifayət etmir. Bu işdə məktəblərin də üzərinə çox böyük məsuliyyət düşür. Azyaşlı və yeniyetmələr təhsil aldıqları məktəblərdə maarifləndirilməli, narkotik bəlasından xəbərdar olmalıdırlar.

 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Modern.az-a bildirib ki, neqativ təsiri olan nünanslarla bağlı müəllimlərin söhbətində, dərs kitablarında şagirdlərə maarifləndirmə aparılır, onların zərərləri haqqında məlumatlar verilir.

 

Hər şeyə çarə var, yalnızlığa, maddi çətinliyə, ailəvi problemlərə, işsizliyə və s… Lakin “Yuxu” qrupunun məşhur mahnısında səsləndirdiyi kimi bir ölümə çarə yoxdur.

 

Narkomaniya istər kişi, istər qadın üçün sonu ölüm olan “ağ yol”dur. Bu aksiomdur, isbata ehtiyac yoxdur. Yaşamaq ulduzların, səmanın, qalaktikanın da imkanlarından böyük gücə malikdir. Hələ də gec deyil, narkotik bəlasına düşar olan insanlar “ağ ölümə” birdəfəlik “yox” deməklə, o gücə – sevgi və xoşbəxtliyi qazana bilərlər.

Gununsesi.info