“Ağ sənəd”in növbəti nəşri hazır oldu

  • By admin
  • 15 Noyabr 2016 16:30

amcham_logo_140613

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” adlı sənədin (“Ağ sənəd”) altıncı nəşrini hazırlayıb. Sözügedən sənəd Azərbaycan iqtisadiyyatının inkişafı üçün müxtəlif sahələrə dəstək məqsədilə “AmCham” tərəfindən iki ildən bir tərtib edilərək ölkə rəhbərliyinə təqdim edilir.

Gununsesi.info-nun xəbərinə görə,  aprelin 12-də “AmCham”ın üzvləri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə iştirak ediblər. Məhz sözügedən görüş zamanı “Ağ sənəd”in hazırlanması məsələsi vurğulanmışdır və sənəd artıq “AmCham” tərəfindən ölkə rəhbərliyinə təqdim edilib.

“Ağ sənəd” Azərbaycanın işgüzar mühitinin, geniş mənada isə bütövlükdə ölkənin daha da gücləndirilməsini təmin edəcək dəyişikliklər haqqında “AmCham”ın üzv heyətinin kollektiv düşüncəsini əks etdirir. “Ağ sənəd” iki bölmədən ibarətdir – ciddi əhəmiyyət kəsb etdiyinə və Azərbaycana ən böyük təsir göstərəcək məsələləri əhatə edən “Xülasə” hissəsi və müəyyən spesifik məsələlər haqqında əlavə tövsiyə və daha ətraflı təkliflərin qeyd olunduğu “İkinci” hissə. Əvvəlki illərdə də “AmCham”ın Azərbaycan hökumətinə təqdim etdiyi eyni adlı sənədlərdə əksini tapmış təkliflər dövlətin siyasi proqramlarına daxil edilib, bəzi təkliflər isə müvafiq qanun dəyişiklikləri ilə nəticələnib ki, bu da Azərbaycanın bütöv biznes icmasını hədsiz fərəhləndirib.

“Hökuməti özəl sektorun baxışları və biznes mühitində baş vermiş dəyişikliklər barədə məlumatlandırmaq vacibdir. Bu baxımdan “Ağ sənəd”in builki sayı hökumətin iqtisadiyyatın müxtəlif sektorlarını inkişaf etdirmək üçün atdığı müsbət addımları, həmçinin Azərbaycanın biznes mühitinin inkişafı üçün vergi, gömrük, bank, maliyyə və sığorta, informasiya texnologiyaları, əmək, miqrasiya məsələləri, turizm, məhkəmə və digər sahələrdə görüləcək işləri əhatə edir. Eyni zamanda, biz biznes ictimaiyyətinin də uğurlu iqtisadi islahatların həyata keçirilməsi və sağlam biznes mühitinin yaradılmasında mühüm rol oynadığını düşünürük və bunu nəzərə alaraq “Ağ sənəd”ə ilk dəfə olaraq Azərbaycanın biznes icmasına da ünvanlanmış bir sıra tövsiyələr daxil etmişik”, – deyə Azərbaycanda “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova bildirib.

“AmCham” verdiyi təkliflərlə vaxtaşırı müxtəlif qurumların fəaliyyətini şəffaflaşdırmağa, əhaliyə göstərilən xidmətlərin səviyyəsini artırmağa, ümumilikdə Azərbaycanın gələcəkdə regionda daha güclü bir dövlət kimi təşəkkül tapmasına yardım göstərməyə səy göstərib. Palata bundan sonra da Azərbaycanda işini qeyd olunmuş istiqamətlərdə qurmaq, vacib problemlərin həlli istiqamətində Azərbaycan hökumətinə yardım göstərmək niyyətindədir.

“Ağ sənəd”in elektron versiyasını təqdim olunmuş linkdən əldə edə bilərsiniz:

http://amchamaz.org/wp-content/uploads/2015/12/White-Paper-2016.pdf

Gülnaz Qənbərli