Gununsesi.info xəbər verir ki, hazırda da hökumət binası qarşısında etirazlar davam etməkdədir. Bütün aksiyaların tələbi də eynidir: Paşinyanın baş nazir postundan istefası.
Bunu Ermənistan İnqilab Federasiyası “Daşnaktsutyun” partiyası gənclər qanadının nümayəndəsi Kristina Vardanyan bu gün hökumət binası qarşısında Nikol Paşinyana etiraz olaraq bildirib.
“Hər şey son dərəcə aydındır, Nikol Paşinyan qaldıqca bizim heç bir şansımız yoxdur, hər şey daha pis olacaq və Ermənistan məhvə məhkumdur. Ermənistanın ayağa qalxmaq, sağalmaq və inkişaf etmək fürsəti məhz Nikol Paşinyan olmadan yarana bilər. Onlara bildirilməlidir ki, insanların mübarizədən bezdikləri aydındır, amma vəziyyət davam edərsə, xain, səriştəsiz və düşmən Ermənistan hökuməti hakimiyyətdə qalmağə dürdürərsə, Ermənistan məhvə məhkumdur, fiziki varlığımız təhlükə altındadır. Bu aksiyanın mənası və məramı tam aydındır – Ermənistanı öz əməlləri nəticəsində məğlubiyyətə düçar edən, danışıqlar apara bilməyən və ölkənin maraqlarını təmin edə bilməyən ruhi cəhətdən xəstə bir adam idarə edir”,- deyə o bildirib.
Qeyd edək ki, partiyanın gəncləri hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. Əllərində Nikol Paşinyanı hədəf seçən plakatlar var: “Xain Nikol”, “Xain getməlidir”, “Nikol, çıx get”.
Bundan əlavə, ağ xalatlı qızlar boş əlil arabası ilə aksiyaya qatılıblar. Onlarla birlikdə gələn qadın deyib: “Xəstəmizi dəlixanaya aparmaq üçün içəridən zəng ediblər. Dedilər ki, tutması tutub, mümkün qədər tez gəlməlisiniz. Onun ağıldankəmliyi var, dedilər, tələsin, tutması var, gəlin aparın dəlixanaya”. O əlavə edib ki, haqqında danışılan xəstə Nikol Paşinyandır.
Qeyd edək ki, Ermənistanda Paşinyana qarşı etiraz aksiyaları hər gün keçirilsə də, lazımi qədər dəstək almır. Paşinyan bildirib ki, o istefa verməyəcək, onu yalnız xalq istefaya göndərə bilər. Buna görə o, erkən parlament seçkiləri elan edib. Amma dünənə qədər onun istefasını tələb edən qüvvələr erkən seçkilərlə bağlı qərarı alqışlamaq əvəzinə bundan məyus olublar. Müşahidəçilərin fikrincə, müxalifət seçkiləri uduzacağından qorxur. Xalq Azərbaycanla yeni bir qarşıdurma istəmədiyinə görə, Paşinyan tərəfdarlarının parlamentdə çoxluğu qazanması kifayət qədər real görünür.
Həmçinin müxalifət indiki situasiyada hakimiyyətə gəlməkdən də çəkinir, çünki hazırda Paşinyanın etdiklərini etməli olacaqlar. Seçkilərlə bağlı başqa bir qorxu da onunla bağlıdır ki, Paşinyan bütün ehtimal olunan rəqibləri ilə bağlı tutarlı kompromatlara sahibdir. Ona görə də potensial namizədlər seçkiyə qatılmaqdan ehtiyat edir. Hesab edirlər ki, həlledici anda Paşinyan onlarla bağlı qalmaqallı məlumatları dövriyyəyə buraxacaq.