Ağacan Abiyevdən ölkəni tərk etməsinə REAKSİYA: “Mənə sataşanları rinqə çağırıram” - YENİLƏNİB

“Ölkədən getməyimlə bağlı yayılan xəbərlər doğru deyil. Heç vaxt xaricdə yaşamamışam”.

Bu sözləri Demokrat.az-a açıqlamasında sabiq deputat Ağacan Abiyev ölkədən getməsi haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib. Sabiq deputat Azərbaycandan kənarda heç vaxt yaşamadığını vurğulayıb:

“Heç vaxt belə şey olmayıb və yayılan məlumatlar tamamilə yanlışdır. Deyəsən, bu yaşda mənə sataşırlar, həmin şəxsləri rinqə çağırıram. Buyursunlar, gəlsinlər. Tanımırlar məni?! Əlbəttə ki, xaricdə olmuşam. Olimpiya Oyunlarının baş hakimi olmuşam, beynəlxalq dərəcəli hakiməm, boksçu olmuşam. Bunlara görə məni tanıyırlar da. Xaricə yarışa gedirəm də. Utanmırlar, sataşırlar mənə. 85 yaşında kişiyə sataşırlar”.

14:16

Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevanın ölkədən qaçmasıyla bağlı xəbər bir neçə gün mətbuatın gündəmini zəbt etdi. Universitetin sabiq şöbə müdiri Dürdanə Əliyevanın istintaqa cəlb olunmasından sonra qəfildən “qeybə çəkilən” keçmiş rektor personası ətrafında müxtəlif söz-söhbətlərin meydana çıxmasına rəvac verdi.

Düzdür, adı ətrafında yaranmış ajiotajın səngimədiyini görən Nurlana Əliyeva sonradan bu xəbəri təkzib etdi. O, məhkəmədə iştirak etməməsini rəsmi bildiriş almamasıyla əlaqələndirərək, özünün “aydan arı, sudan duru” olduğunu sübut etməyə çalışdı. Amma istintaq materiallarında Nurlana Əliyeva ölkədən kənarda olduğu üçün onun ifadəsinin alınmamasıyla bağlı xüsusi qeyd var.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Nurlana Əliyeva həbs təhlükəsi ilə üzləşdiyi üçün ölkəni tərk edən yeganə rektor deyil. Azərbaycan Dövlət İdman Akademiyasının keçmiş rektoru Ağacan Abiyevin də oxşar problemi var.

Məlumatlı şəxsin bildirdiyinə görə, 2015-ci ildə vəzifəsini itirən Ağacan Abiyev beş il hər hansı təhlükə ilə üzləşməyib. O, Milli Məclisin deputatı olduğu üçün toxunulmazlıq hüququndan maksimum istifadə edib. Amma 2020-ci ildə keçirilən parlament seçkisində təkrar deputat seçilmədiyi üçün bəzi problemlərlə üz-üzə qalıb.

Mənbə deyib ki, xələfi Fuad Hacıyev 2020-ci ildən sonra Ağacan Abiyevin Azərbaycan Dövlət İdman Akademiyasına rəhbərlik etdiyi 28 illik dövrü təftiş etməyə başlayıb. O, sabiq rektorun dövründə baş vermiş kifayət qədər ciddi qanun pozuntularının üstünü açıb. Sonra isə topladığı materialları tədbir görülməsi üçün prokurorluq orqanlarına təqdim edib. Bundan sonra keçmiş rektorun “qara günləri” başlayıb. Əbiyev həbs təhlükəsi ilə üzləşdiyini görəndən sonra təcili ölkəni tərk etməli olub.

Aldığımız məlumata görə, Ağacan Abiyev təxminən bir il sürgün həyatı yaşayıb. Amma sonradan köhnə əlaqələri hesabına üzləşdiyi təhlükəni dəf edərək, ölkəyə qayıda bilib. Bu hadisədən sonra 86 yaşlı sabiq deputat və keçmiş rektorun özünü ictimai-siyasi proseslərdən tamamilə təcrid etdiyi bildirilir.

Gununsesi.info