Ağalarovlar düşdükləri ziyanın miqyasına baxmayaraq, aldıqları mənəvi zərbəyə rəğmən özlərini ləyaqətlə apardılar - QÜDRƏT HƏSƏNQULİYEV

  • By admin
  • 26 Mart 2024 12:36

Gununsesi.info Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir: 

 

– Qüdrət bəy, Moskvada “Korokus Sity”də baş vermiş terror hadisəsi barədə fikirlərinizi bilmək istrədik. Bu cür ağır terror aktını kim sifariş edə bilər?

– Terror aktı zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Təəssüf hissi ilə deməliyəm ki, bütün terror təşkilatlarının arxasında bu və ya digər dövlətin xüsusi xidmət orqanları dayanır. Bəzi terror təşkilatları açıq-aydın ,hətta hüququn aliliyindən danışan dövlətlər tərəfindən müdafiə olunur. Məsələn, PKK-nı ABŞ dəstəklədiyi və silahlandırdığı kimi. Yaxud bəzi dövlətlər nəinki terror təşkilatlarını müdafiə edir, hətta həmin təşkilarlardan daha ağır cinayətlər törədirlər,terrorçu dövlətləri dəstəkləyirlər. Fazil Mustafaya qarşı terror aktının arxasında hansı dövlət dayanıb?! Baş vermiş ağır cinayətdən hər bir ölkə öz rəqiblərinə qarşı istifadə etmək isəyir. Ona görə də obyektiv istintaq aparılmadan hadisənin arxasında kimin dayandığını demək mümkün deyil.

– Rusiya ABŞ-ın terror olacağı barədə xəbərdarlığına ciddi yanaşsaydı bu hadisəni önləmək olardımı?

– Ölkə müharibə içərisindədirsə hansısa xəbərdarlıq olmasa belə, insanların kütləvi toplandığı yerlərdə mülki geyimdə, amma silahlanmış xüsusi xidmət orqanlarının əməkdaşları olmalıdı. Rusiyada xüsusi xidmət orqanlarının potensialının əhəmiyyətli hissəsi daha çox ideoloji işə qarşı mübarizəyə səfərbər olunub. Bir çox Qərbi Avropa ölkələrində ictimai yerlərdə polislər əli avtomatlı ictimai asayişi qoruyurlar. Bu halda onlar terrorçularla dərhal döyüşə girər, itkilərin miqyası az olardı, amma tam olaraq heç bir ölkə bu kimi terror aktlarından 100% sığortalanmayıb.

– Terrorun seçildiyi yer barədə nə deyə bilərsiniz?

– Azərbaycanlı iş adamına məxsus yerin seçilməsi təsadüf olmaya bilər. Çoxları Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaratmaq, həm də azərbaycanlılara ziyan vurmaq istəyir. “Cındır” adını qazanmış, ermənilərin şeypuru Sovolyovun ittihamları da buna sübutdur. Çətin anlarda Ağalarovlar onlara vurulan ziyanın miqyasına baxmayaraq, aldıqları mənəvi zərbəyə rəğmən özlərini ləyaqətlə apardılar, zərərçəkənlərə də davamlı yardım edəcəklərini vəd etdilər. Azərbaycan Respublikasının Prezidenti Putinə zəng etdi, XİN başsağlığı verdi. Azərbaycan öz tərəfdaşları ilə həmişə səmimi olub, terrorla mübarizəyə öz töhfəsini verib, özü terrordan ən çox əziyyət çəkmiş ölkədir.

– Bu günlərdə Ukraynanın daha bir neçə kəndi işğal olundu. Bu barədə nə deyərdiniz?

– Hələlik görünən odur ki, Rusiya istədiyinə nail olana qədər müharibə davam edəcək. ABŞ, Bayden və Trampın timsalında, Ukraynanın qalib gəlməsinə imkan verməyəcək. Onların hər ikisinin Rusiya kəşfiyyatına işləməsinə dair ciddi ittihamlar var. Siz ABŞ prezidentinin sifətini gizlətməyə hesablanmış Putinə yönələn təhqirlərlə dolu bəyanatlarına yox, Rusiyaya qarşı atdığı real addımlara, Ukraynaya verdiyi dəstəyin həcminə fikir verin. Kırım və Şərqi Ukrayna da onun vitse-prezident olduğu dövrdə işğal olunmuş, Suriya Rusiyaya təslim olunmuş, Prezident olduğu dövrdə ABŞ -ın dünyada nüfuzuna ağır zərbə olan Əfqanıstandan “dovşan qaçışı” təmin edilmişdi. Dünyanın super gücü olan ABŞ -da siyasi sistem yeniləşə bilmir, dövlət ləyaqəti, milli maraqlar, bir sözlə hər şey daxildə hakimiyyət uğrunda mübarizəyə qurban verilib. Ölkə ciddi problemləri olan iki qocanın əlində qalıb. Buna görə də həm ABŞ, həm də lidersiz dünya tam xaosa girməkdədir.

– Ukraynaya F-16-ların verilməsi müharibədə dönüş yarada bilərmi?

– Yox. Rusiyaya qalib gəlmək üçün ABŞ və digər Qərb ölkələri Ukraynaya 4-cü nəsil F-16 -ları yox, sahib olduqları ən müasir silahları, məsələn, F-22-ləri, hədəfləri dəqiqliklə vuran, böyük dağıdıcı gücə sahib uzaq mənzilli raketləri verməli, müharibədə Ukraynanın əzici üstünlüyünü təmin etməli, Rusiyanın nüvə silahı tətbiq edəcəyi halda dərhal nüvə silahı tətbiq olunmaqla Rusiyaya müharibə elan edəcəklərini açıq bəyan etməlidirlər. Onlar isə qeyd etdiyim səbəbdən və qorxudan bunu etməyəcəklər. İfrat liberallaşmış Qərb həyat tərzi güclü liderlər ortaya çıxara bilmir. Hələlik görünən odur ki, dağıdılmış Ukrayna sonda Qərb ölkələri tərəfindən ciddi güzəştlərə məcbur ediləcək, məğlubiyyətlə, ərazi itkisi ilə barışacaq, əgər bir dövlət kimi öz mövcudluğunu qoruyub saxlaya bilsə. Dünyada sivilizasiyaların geri qalmış sayılan xalqlar və ölkələr tərəfindən dağıdılmasına dair saysız-hesabsız nümunələr var. Ola bilsin ki, Qərb sivilizasiyasının da sonu çatır. Dünyanın paytaxtı ABŞ-dan Çinə köçür.

 

Gununsesi.info