Ağalı kəndinə köçürülən əhali yeni tikilən evlərdə yerləşdirilib - FOTOLAR

  • By admin
  • 25 İyul 2022 21:55

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən inşa edilən Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb.

Qeyd olunur ki, indiyədək 201 nəfərdən ibarət 41 ailə Ağalıya köçürülüb.

Bu gün 55 nəfər – 11 ailə daimi məskunlaşmaq üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə Ağalı kəndinə yola salınıb.

Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan daha 10 ailə – 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr, əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.

Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.